Yevlaxda 20 Yanvar faciəsinə həsr olunmuş "Tarixdə tarixtək qaldı o gecə" adlı tədbir keçirilmişdir
19 yanvar 2024 | 19:06
Yevlaxda 20 Yanvar faciəsinə həsr olunmuş "Tarixdə tarixtək qaldı o gecə" adlı tədbir keçirilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin tövsiyyəsi ilə Tofiq İsmayılov adına Kövər kənd tam orta məktəbində 20 Yanvar faciəsinə həsr olunmuş "Tarixdə tarixtək qaldı o gecə " adlı tədbir keçirilmişdir. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai-siyasi humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdir müavini Cavad Cavadov , Yevlax Şəhər Təhsil sektorunun Namidə Abbasova, Kövər kənd tam orta məktəbin direktoru Sevda Kərimova,Şəhid ailələri, qazilər, veteranlar, təhsil işçiləri, məktəbin kollektivi iştirak etmişlər.
Əvvəlcə qonaqlar məktəbin girişində şagirdlərin hazırladıqları 20 Yanvar facəsinin otuz dördüncü ildönümünə həsr olunmuş rəsm sərgisi ilə tanış olublar.
Məktəbin akt zalında davam edən tədbirdə Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, vətənimizin azadlığı və ərazi bütövlüyünün təmin olunmasında canlarını qurban vermiş şəhidlərimizin müqəddəs xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini - İctimai - siyasi humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova çıxışında bildirib ki, sovet imperiyasının 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törətdiyi vəhşiliklər və qətllər insanlığa qarşı yönəlmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq. O gecə Azərbaycan xalqına qarşı törədilən cinayət, tökülən qanlar xalqımızın müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi, insanları daha sıx birləşdirdi. Məhz bu əzmin, iradənin sayəsində xalqımız öz müqəddəs arzusuna - milli azadlığına qovuşa bildi, Azərbaycan müstəqil dövlət kimi dünya birliyinə daxil oldu. Ulu Öndər Heydər Əliyev 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham edib.
E.Əzizova Ölkəmizdə Qarabağ müharibəsi veteranlarının, əlillərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərdən danışaraq bildirib ki, Ulu Öndər Heydər Əliyev Qarabağ müharibəsi veteranlarına, əlillərə və şəhid ailələrinə həmişə diqqət və qayğı ilə yanaşıb, onların problemlərinin həllinə çalışıb. Ümummilli Liderin bu siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu qəbildən olan insanların həyat şəraitinin, güzəranının yaxşılaşdırılması üçün konkret tədbirlər görülür. Ümummilli Lider Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edilmişdir. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İham Əliyevin 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanı şəhid ailələrinə dövlət qayğısının bariz nümunəsidir.
Tədbirdə digər çıxış edənlər faciənin dəhşətli anlarından söhbət açaraq bildirdilər ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələri bütövlükdə milli tariximizin ən şanlı və qəhramanlıq səhifələrindən birini təşkil etdi. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılmışdır. Həmçinin çıxış edənlər belə tədbirlərin şagirdlərdə milli qurur hissinin formalaşnasında müstəsna rol oynadığını qeyd ediblər.
Sonda Kövər kənd tam orta məktəbin şagirdlərinin ifasında 20 Yanvara həsr edilmiş ədəbi-bədii kompozisiya nümayiş etdirildi,vətənpərvərlik mövzusunda şeirlər səsləndirimişdir.