Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda 20 Yanvar faciəsinə həsr olunmuş konfrans keçirilmişdir

17 yanvar 2025 | 11:39
Yevlaxda 20 Yanvar faciəsinə həsr olunmuş konfrans keçirilmişdir
Yevlax Şəhər İcra Hakimiyyəti və Mərkəzi Aran Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə şəhər 3 nömrəli tam orta məktəbdə akt zalında 20 Yanvar faciəsinə həsr olunmuş konfrans keçirilmişdir.
Konfransda Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, Mərkəzi Aran Regional Təhsil İdarəsinin, rayonda fəaliyyət göstərən bir sıra idarə,müəssisə və təşkilatların məsul şəxsləri, Şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, təhsil işçiləri, ictimaiyyət nümayəndələri və gənclər iştirak etmişdir.
Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir.
Daha sonra Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və 20 Yanvar faciəsində, eləcə də torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova bildirmişdir ki, qanlı 20 Yanvar faciəsindən 35 il ötür. Azərbaycan xalqının qürur mücəssiməsinə çevrilən, ən yeni tariximizin şərəfli səhifələrindən biri sayılan bu faciə xalqımızın azadlıq, demokratiya və suverenlik uğrunda apardığı mübarizənin dönməzliyini bütün dünyaya nümayiş etdirdi, milli azadlıq hərəkatının müstəqilliyə doğru irəliləməsində ciddi dönüş nöqtəsi oldu. Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinin qarşısını almaq, milli-azadlıq hərəkatına zərbə vurmaq, habelə digər müttəfiq respublikalara dərs vermək üçün 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi birləşmələri tərəfindən Bakıda 131 nəfər mülki şəxs küçələrdə, evlərdə, avtomobillərdə, iş yerlərində öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs edilmiş, 200-dən çox bina, 80 avtomobil, o cümlədən təcili yardım maşını yararsız hala salınmışdır. Kütləvi qırğından 35 il keçməsinə baxmayaraq xalqımız həmin faciənin ağır nəticələrini bu gün də xatırlayır. Vətənin azadlığı və suverenliyi uğrunda canından keçmiş oğul və qızları dərin ehtiramla yad edir.
Faciədən dərhal sonra – 1990-cı il yanvarın 21-də böyük siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib, SSRİ rəhbərliyinin Bakıya qoşun yeridilməsi haqqındakı qərarını insanlığa, demokratiyaya və konstitusiyaya zidd addım kimi qiymətləndirərək bu faciəni törədənlərin cəzalandırılmasını tələb etmişdi. Bu faciə Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərib, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi oldu. Məhz bu faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrildi, dönməz xarakter aldı, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda gördü. 1990-cı ilin iyulunda Moskvadan Vətənə qayıdan Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin ilin noyabr ayının 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymət verildi. Sənəddə respublika səviyyəsində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi respublika rəhbərliyindən tələb edildi. Yalnız Ümummilli Lider Heydər Əliyev respublika rəhbərliyinə qayıtdıqdan sonra 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul etdi. Respublika səviyyəsində faciəyə hüquqi-siyasi qiymət verildi. Ümummilli lider Heydər Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsinə, onların ailələrinə dövlət qayğısının göstərilməsinə böyük diqqətlə yanaşırdı. Bu gün Şəhidlər Xiyabanında ucalan “Əbədi məşəl” abidə kompleksi də məhz Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq inşa edilmişdir. Ulu Öndər Heydər Əliyevin 2000-ci il yanvar ayının 17-də imzaladığı fərmanla 1990-cı ilin faciəli yanvar günlərində şəhid olmuş oğul və qızlarımıza “20 Yanvar şəhidi” fəxri adı verildi. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm qərarlar vermişdir. Dövlət Başçısı 19 yanvar 2006-cı il tarixdə “20 Yanvar şəhidlərinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” fərman vermişdir. Cənab Prezidentin tapşırığı ilə “Şəhidlər Xiyabanı”nda əsaslı təmir və yenidənqurma işləri aparılmış, Bakıda, metronun “20 Yanvar” stansiyasi üzərindəki ərazidə 20 Yanvar şəhidlərinin xatirəsinə Memorial Abidə Kompleksi ucaldılmışdır. Azərbaycanın Milli Qəhrəmanlarının, 20 Yanvar faciəsində, torpaqlarımızın müdafiəsi zamanı şəhid olanların ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlarına Prezident təqaüdləri təyin edilmişdir.
Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutur. Hər il faciənin ildönümü izdihamlı ziyarətlərlə müşayiət edilir, xalq istiqlal fədailərinin məzarlarına faciənin simvoluna çevrilmiş al qərənfillər düzür, onları qürurla anır, qatillərini lənətləyir, bu faciəni törədənlərə dərin nifrətini bildirir. Hər il yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir.
Artıq 20 Yanvar faciəsini bir başqa əhval-ruhiyyədə, bütöv Azərbaycanın, Qalib ölkənin vətəndaşları kimi yad edirik. Çünki Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun 2020-ci ilin sentyabrın 27-sindən torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başladığı Vətən müharibəsi Zəfərlə başa çatıb, şəhidlərimizin qisası alınmışdır. Azərbaycanımızın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuşdur.
20 Yanvar faciəsinin iştirakçısı Cahid Nəbiyev qanlı Yanvar faciəsinin yalnız Azərbaycan xalqına qarşı deyil, ümumilikdə ümumbəşəri dəyərlərə, humanizmə qarşı törədilən bir cinayət olduğunu bildirmiş, imperiya qoşunlarının xalqımızın mübarizliyini, mətinliyini sarsıtmadığını qeyd etmişdir.
Sonda Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda şeirlər ifa edilmiş, Şəhər Yaradıcılıq Evinin nəzdində fəaliyyət göstərən B.Səfəroğlu adına Xalq Teatrının əməkdaşları tərəfindən “Azadlıq toxumu səpənlər” adlı ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Keçidlər