Yevlaxda 18 Oktyabr-Müstəqilliyin Bərpası Gününə həsr olunan dəyirmi masa keçirilmişdir
18 oktyabr 2025 | 11:57
Yevlaxda 18 Oktyabr-Müstəqilliyin Bərpası Gününə həsr olunan dəyirmi masa keçirilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin və YAP Yevlax rayon təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 18 Oktyabr-Müstəqilliyin Bərpası Gününə həsr olunmuş dəyirmi masa keçirilmişdir. Dəyirmi masada Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Mərkəzi Aran Regional nümayəndəliyinin rəhbəri Elvin Əjdərli, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Yevlax şəhər nümayəndəsi Günel Cəfərova, rayonun təhsil, mədəniyyət müəssisələrinin rəhbərləri iştirak etmişlər.
Dəyirmi masada dövlət himni səsləndirilmiş, Xalqımızın Ümummili Lideri Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Şəhidlərimizin müqəddəs ruhları 1 dəqiqəlik sükutla yad edilmişdir.
Dəyirmi masanın gedişində 18 Oktyabr-Müstəqilliyin Bərpası Gününə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova çıxış edərək bildirdi ki, Müstəqillik xalqımızın ən böyük dəyəri, sərvətidir. Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də əldə etdiyi dövlət müstəqilliyini məhz Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi altında möhkəmləndirdi. Ulu öndərimizin titanik fəaliyyəti sayəsində ölkəmiz inkişaf yolunu tutdu. Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında ən böyük xidmətlərindən biri də onun hazırlayıb həyata keçirdiyi uğurlu neft strategiyasıdır. 1994-cü il sentyabrın 20-də dünyanın iri neft şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində müstəsna rol oynadı. 1995-ci ilin noyabrın 12-də müəllifi ümummilli liderimiz Heydər Əliyev olan müstəqil Azərbaycanın Konstitusiyası qəbul olundu. Müstəqillik xalqımızın böyük tarixi nailiyyəti və milli sərvətidir. Bizim də əsas vəzifəmiz bu tarixi nailiyyəti qoruyub saxlamaq, daha da gücləndirməkdir. Qürur və iftixar hissi ilə deyə bilərik ki, bu gün Azərbaycan iqtisadi cəhətdən dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biridir. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən Müharibəsində möhtəşəm Zəfər əldə edilmiş, 19-20 sentyabr lokal xarakterli antiterror tədbirləri nəticəsində düşmən ordusunun qalıqları və qeyri-qanuni silahlı birləşmələr tərk-silah olunaraq ərazilərimizdən çıxarılmış, separatizm ləğv edilmiş, Xankəndidə bayrağımız dalğalandırılmaqla ölkəmizin suverenliyi tam təmin olunmuşdur. Xalqımız 5 ildir ki, bu günü 44 günlük Vətən müharibəsində qazandığı parlaq Qarabağ zəfərinin tükənməz qürur hissi ilə qeyd edir. Çünki 1991-ci ildə müstəqilliyimizin bərpası zamanı milli maraqlarımızın təmini ilə bağlı qarşıda duran taleyüklü məsələlərin hamısı Prezident İlham Əliyevin qətiyyətli siyasəti sayəsində həll edilmişdir. Bu gün biz bütöv Azərbaycanın qalib vətəndaşları olaraq 18 Oktyabr Müstəqilliyin Bərpası Gününün suveren dövlətimizin ən qüdrətli çağında qeyd etməyin fəxarətini yaşayırıq. Konstitusiyamız bütün ərazilərimizdə qüvvədədir. Onilliklər boyu həsrəti ilə yaşadığımız Qarabağda və Şərqi Zəngəzurda Şanlı Bayrağımız dalğalanır.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi müdrik və uzaqgörən siyasət sayəsində bu il avqustun 8-də Ağ Evdə, Vaşinqtonda ABŞ lideri Donald Trampın iştirakı ilə Ermənistanla Azərbaycan arasında sülh sazişinin mətninin paraflanması ilə üç onillik boyu Cənubi Qafqazda var olan münaqişəyə, qan-qadaya birdəfəlik son qoyulmuşdur. Bu gün qlobal məsələlərin həllində ölkəmizin aktiv rolu vardır. Möhtərəm Cənab Prezidentimizin rəhbərliyi altında ortaya qoyulan sülh modeli dünya dövlətləri tərəfindən rəğbətlə qarşılanır. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin Nyu Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında, Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşündə, Kopenhagendə keçirilən "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısında, Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etməsi ölkəmizin rəhbərinin hərtərəfli uğurlu siyasətindən xəbər verir. Azərbaycan həm ölkə, həm də dünya miqyaslı əhəmiyyətli uğurlar əldə edib. Qarabağın xilaskarı İlham Əliyevin əzmi və qətiyyəti sayəsində qazanılan bütün bu tarixi zəfərlər isə Azərbaycanın müstəqilliyinin əbədi olduğunu bir daha dünyaya nümayiş etdirir.
YAP Yevlax Rayon Təşkilatının sədri Rafiq Əliyev dəyirmi masada çıxış edərək, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının tarixi əhəmiyyətindən, keçilən inkişaf yolundan və əldə olunan uğurlardan danışmışdır. O bildirmişdir ki, 1991-ci ilin 18 oktyabrında Azərbaycan Respublikasının Ali Soveti tərəfindən “Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul edilməklə, xalqımızın azadlıq arzusu gerçəkləşmiş, ölkəmiz müstəqil dövlət kimi beynəlxalq aləmdə tanınmağa başlamışdır. Müstəqilliyimizin ilk illərində ölkədə yaranmış dərin siyasi və iqtisadi böhran, separatçılıq meyilləri və xaos dövlətçiliyimizi böyük təhlükə ilə üz-üzə qoymuşdu. Məhz belə bir çətin və taleyüklü məqamda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ölkəni parçalanmadan və məhv olmaqdan xilas etdi. Onun uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan dövləti möhkəmləndi, sabitlik bərpa olundu, davamlı inkişafın təməli qoyuldu. Bu siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bugün regionun lider dövləti, qlobal miqyasda söz və nüfuz sahibi olan bir ölkəyə çevrilmişdir. Ölkəmiz son 20 ildə bütün sahələrdə-siyasi, iqtisadi, sosial və mədəni istiqamətlərdə mühüm uğurlar əldə edib. Xüsusilə 2020-ci ildə əldə olunan tarixi Qələbə-44 günlük Vətən müharibəsində qazanılan Zəfər xalqımızın gücünü, birliyini və dövlətə sədaqətini bütün dünyaya nümayiş etdirmişdir.
Rafiq Əliyev çıxışının davamında vurğulamışdır ki, bu gün Şanlı Üçrəngli Bayrağımız işğaldan azad edilmiş ərazilərimizdə-Şuşada, Xankəndidə dalğalanır. Bu, yalnız hərbi yox, həm də siyasi və mənəvi zəfərdir. Azərbaycan xalqı bir daha sübut etdi ki, onun müstəqilliyi sarsılmazdır, əbədidir və dönməzdir. Bu müstəqil dövlətin memarı Ulu Öndər Heydər Əliyev, bu dövlətin əbədi qüdrət simvolu isə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevdir.
Gənclərin İnkişafı və Karyera Mərkəzinin Mərkəzi Aran Regional Nümayəndəliyinin direktoru Elvin Əjdərli, Yevlax rayon Yaldili kənd tam orta ümumtəhsil məktəbinin direktoru Orxan Baxşəliyev, 9 nömrəli tam orta ümumtəhsil məktəbinin ibtidai sinif müəllimi Xəyalə Rəcəbova, Yevlax rayonu üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi Şahnaz Hümbətli öz çıxışlarında bütün həyatını qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr edən Ümummilli Liderimiz Heydər Əliyevin vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən danışmışlar. Bildirmişlər ki, Ulu Öndər Heydər Əliyevin dövlət müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi istiqamətində müəyyən etdiyi strateji xətt onun layiqli davamçısı Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu uzaqgörən və milli maraqlara əsaslanan siyasət sayəsində Azərbaycan regionda söz sahibi olan sabit və güclü bir dövlətə çevrilmişdir. Ulu Öndərin çoxşaxəli fəaliyyətinin nəticələrinə əsaslanaraq Möhtərəm Prezientimiz, Müzəffər Ali Baş Komandan cənab Prezidentimiz İlham Əliyev ölkəmizə rəhbərliyi dövründə siyasi, iqtisadi, sosial, hərbi sahələrdə böyük tərəqqiyə və inkişafa nail olub. Azərbaycan yerləşdiyi bölgədə cərəyan edən strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir ölkəyə çevrilib. Milli maraqlara uyğun olaraq beynəlxalq birliyin əksər üzvləri ilə qarşılıqlı faydalı əməkdaşlıq həyata keçirilir. Dövlətimizin Başçısının müəyyənləşdirdiyi uğurlu inkişaf strategiyası nəticəsində Azərbaycan iqtisadiyyatı inkişaf sürətinə görə dünyada ən yüksək yerlərdə dayanır.






