Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda “18 oktyabr Müstəqilliyin Bərpası Günü” ilə əlaqədar tədbir keçirilmişdir

18 oktyabr 2023 | 12:18
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən “Müstəqilliyimiz əbədidir və sarsılmazdır” mövzusunda keçirilən tədbirdə Şəhər İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, rayonda fəaliyyət göstərən bir sıra idarə, müəssisə, təşkilat rəhbərləri, təhsil,səhiyyə işçiləri və gənclər iştirak ediblər.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müstəqil Azərbaycanın qurucusu Ulu Öndrə Heydər Əliyevin Azərbaycanın müstəqilliyi naminə həyata keçirdiyi müdrik siyasətdən bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini- İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova bildirmişdir ki, bu gün Azərbaycanın həyatında əlamətdar gündür – Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunmasının otuz ikinci ildönümüdür. Azərbaycan Respublikasının Dövlət müstəqilliyi əldə etməsi tarixi hadisədir, bizim böyük bayramımızdır.
Müstəqilliyi əldə etmək, dövlətin tam müstəqil olmasına nail olmaq üçün xalqımız çətin yollardan keçmişdir. Ancaq müstəqilliyi əldə saxlamaq, onu möhkəmləndirmək, dövlətin tam müstəqilliyinə nail olmaq və bütün vətəndaşlara müstəqil dövlət şəraitində layiqli həyat tərzi təmin etmək daha çətindir. Qeyd edilib ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşmaq imkanı qazanmış, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə özünün Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu dünyaya bəyan etmişdir. Hər bir xalq üçün, hər bir millət üçün milli azadlıqdan, müstəqillikdən şirin, əziz nemət yoxdur. Azərbaycan müstəqilliyinin ilk illərində çoxsaylı təhlükələrlə üzləşmiş, ağır sınaqlardan keçmişdir. Daxili çəkişmələr, dövlət idarəçiliyindəki özbaşınalıq və səriştəsizlik, ağır siyasi və iqtisadi böhran ölkəni vətəndaş müharibəsi astanasına gətirmiş, onun gələcək taleyini sual altına qoymuşdu. Məhz bu şəraitdə Azərbaycan torpaqları Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qalmış, yüz minlərlə soydaşımız öz dədə-baba yurdlarından didərgin düşmüşdür. Baş verənlər bir daha göstərmişdir ki, həqiqi müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən qat-qat çətindir. Uzun illər ərzində Azərbaycanın hərtərəfli inkişafı üçün rəhbər tutulan strateji xəttin, ölkəmizin daha da güclənməsi üçün görülən fasiləsiz işlərin məntiqi nəticəsi isə tarixi ədalətin bərqərar olması – Vətənimizin ərazi bütövlüyünün təmin edilməsi olmuşdur. Rəşadətli ordumuz döyüş meydanında həqiqi qəhrəmanlıq və vətənpərvərlik nümayiş etdirərək cəmi 44 gündə torpaqlarımızı işğaldan qurtarmışdır. Azərbaycan xalqının apardığı Vətən müharibəsi Ermənistanın kapitulyasiya aktını imzalaması ilə nəticələnmişdir. Lakin bununla razılaşmayan qondarma rejimin rəhbərləri Azərbaycana qarşı təcavüzkar xarakterli siyasətini davam etdirmiş və hər həmlələrində həm siyasi arenada, həm də döyüş meydanında layiqli cavablarını almışdılar. Odur ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bu kimi təxribatlara 20 sentyabr lokal xarakterli antiterror əməliyyatı ilə son vermişdir. Belə ki, Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələrinin təkidli xahişi ilə 20 sentyabr lokal xarakterli antiterror əməliyyatından cəmi bir gün sonra Azərbaycan Respublikasının Prezidentinin təyin etdiyi nümayəndənin iştirakı ilə Yevlax şəhərində görüş keçirilmişdir. Görüş əsasında Azərbaycan öz humanistliyini bir daha nümayiş etdirərək Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələrinin humanitar yardım istəyinə müsbət reaksiya verərək onlara yardım etmişdir. Cəmi 23 saat davam edən antiterror əməliyyatı bizim gücümüzü göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu. Cənab Prezidentimiz işğaldan azad olmuş şəhərlərə səfər etmiş və Prezidentimiz tərəfindən Ağdərə şəhərində, Xankəndi şəhərində, Xocalı şəhərində, Xocavənd şəhərində, Əsgəran qəsəbəsində Azərbaycan Respublikasının Dövlət Bayrağı qaldırılmışdır. Bununla da Azərbaycan Respublikasının ərazibütövlüyü tam təmin olunmuşdur.
Sonra çıxış edənlər Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova, “Yevlax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin Həkim – kordioloqu Niyaz Hüseynov, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Yevlax Şəhəri üzrə Gənclər və İdman sektorunun aparıcı məsləhətçisi Pərviz Hüseynov, YAP Yevlax rayon təşkilatının fəalı, Qaraoğlan kənd tam orta məktəbinin tarix müəllimi Leyla Həsənova bildiriblər ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazanmışdır. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. Müstəqilliyi elan etmiş Azərbaycan Respublikası çox mürəkkəb tarixi şəraitdə fəaliyyət göstərməyə başlamışdı, müstəqilliyin ilk illərində xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi.Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində geniş miqyas almış Qarabağ müharibəsi, digər tərəfdən dövlət rəhbərliyində olan səriştəsiz adamların yeritdikləri səhv siyasət və daxildə gedən siyasi çəkişmələr, seperatçılar hərəkatı müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini reallaşdırırdı.
Böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin ölkədə hakimiyyətə qayıdışı ilə bu təhlükə sovuşdu. Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışından sonra əldə etdi. Məhz milli liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu. Respublikamızı Şərqdə ilk demokratik cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edən ümummilli lider Heydər Əliyev müstəqilliyi qorumağı onu əldə etməkdən qat-qat çətindir məntiqi ilə nəhəng dövlət quruculuğu işlərinə başladı. Ulu Öndər qarşıya çıxan bütün sərhədləri yardı və qısa vaxt ərzində Azərbaycanın səsi ən nüfuzlu beynəlxalq təşkilatların kürsüsündən gəldi. Müstəqilliyin əvəzsiz bir nemət olduğunu və xalqın tarixi taleyində çox önəmli rol oynadığını böyük qürur hissi ilə bəyan edən Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. Əsl müstəqillik isə öz sərvətlərinin tam sahibi olmaqdır. Bir sözlə Azərbaycanın suveren dövlət kimi mövcud olması tarixi zərurətdən irəli gələn hadisə idisə, Azərbaycanın müstəqilliyi, əbədiliyi və dönməzliyi Ümummilli Lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olan müasir tariximizin danılmaz faktıdır.
Keçidlər