Yevlaxda 17 İyun-Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olunmuşdur
17 iyun 2025 | 17:45
Yevlaxda 17 İyun-Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olunmuşdur
Yevlaxda "Konstitusiya və Suverenlik İli" çərçivəsində 17 İyun-Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin direktoru Fazil İsmayılov və tibb işçiləri iştirak etmişlər.
Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzmüş, dahi şəxsiyyətin müqəddəs ruhuna öz ehtiramlarını bildirmişlər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin direktoru Fazil İsmayılov çıxış edərək çətin və şərəfli peşənin sahibləri olan tibb işçilərinə uğur və müvəffəqiyyətlər arzulayıblar.
Həmçinin qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji siyasət kursunu layiqincə davam etdirən Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında aparılan genişmiqyaslı islahatlar göstərir ki, milli səhiyyə sistemimiz sürətlə müasirləşir, vətəndaşlarımız dövlətin yaratdığı tibbi xidmətlərdən yüksək səviyyədə yararlanırlar. Bütün bunlar Prezident İlham Əliyevin apardığı səhiyyə sisteminə dəstək siyasətinin nəticəsidir. Eyni zamanda bu gün Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə yeni tibb ocaqları istifadəyə verilir, həmçinin diabetli, talassemiyalı xəstələrə qayğı göstərilir.
O da qeyd olunub ki, Azərbaycan səhiyyəsi barədə danışarkən iki məqama - COVID-19 pandemiyası və 44 günlük Vətən müharibəsinə toxunmaq lazımdır. İki illik pandemiya dövründə ölkəmizin tibb işçiləri öz vəzifə borclarını ləyaqətlə yerinə yetirərək böyük fədakarlıq göstəriblər. Prezident İlham Əliyevin şəxsi nəzarəti ilə ölkəmizə peyvənd dozaları gətirildi və əhali pulsuz olaraq peyvənd edildi. Birgə səylərlə ölkəmiz “COVİD”ə qalib gəlib və böyük sınaqdan uğurla çıxıb.
Daha sonra çıxış edən tibb işçiləri onlara göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə etmişlər.
Sonda bir qrup səhiyyə işçisi Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının Fəxri fərmanı ilə təltif olunmuşlar.






