Yevlaxda 16 dekabr Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının peşə bayramı günü qeyd olunmuşdur
16 dekabr 2024 | 15:15
Yevlaxda 16 dekabr Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının peşə bayramı günü qeyd olunmuşdur
Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzində keçirilən tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Xaliq Əliyev, Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin rəis müavini Ruhan Nəsibov və rayonda fəaliyyət göstərən Fövqəladə Hallar Nazirliyi strukturuna daxil olan qurumların rəhbərləri, əməkdaşları iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Mərkəzin həyətində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzmüş, Dahi Şəxsiyyətin müqəddəs xatirəsinə öz ehtiramlarını bildirmişlər.
Daha sonra Mərkəzin akt zalında davam edən tədbirdə çıxış edən Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Xaliq Əliyev əməkdaşları peşə bayramları münasibətilə təbrik etmiş, fəaliyyətlərində uğurlar arzulamışdır.
Həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 dekabr tarixli sərəncamı ilə Fövqəladə Hallar Nazirliyi yaradılmışdır. Fövqəladə Hallar Nazirliyi adından da göründüyü kimi ölkədə əhalinin təbii fəlakətlərdən, texnogen xarakterli qəzalardan və yanğından qorunması, belə hadisələrin nəticələrinin aradan qaldırılması məsələlərini həll edən, həmçinin mülki müdafiə sahəsində dövlət siyasətini həyata keçirən, xilasetmə və bərpa işləri üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, digər müəssisə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Möhtərəm Prezidentimizin 2006-ci il 8 dekabr tarixli Sərəncamı ilə 16 dekabr – Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günü elan olunmuşdur.
Cənab Prezidentimizin növbəti Sərəncamı ilə ( 2 iyun 2008) Fövqəladə Hallar Nazirliyinin Akademiyası yaradılmışdır.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları bu gün möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ağır, məsuliyyətli və həm də şərəfli vəzifələrinin öhdəsindən bacarıqla gəlir, dövlət başçısının onlara göstərdiyi qayğı və etimadı vicdanlı və layiqli xidmətləri ilə doğruldurlar.
Yevlax rayonu ərazisində fəaliyyət göstərən Fövqəladə Hallar Nazirliyinin strukturlarında çalışan əməkdaşlar çıxışlarında onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti,Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.
Tədbirin gedişində həmçinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin fəaliyyətindən bəhs edən video çarx nümayiş etdirilmişdir.