Yevlaxda 15-İyun “Milli Qurtuluş Günü”nə həsr edilmiş velosiped yarışı keçirilmişdir
14 iyun 2023 | 16:10
Yevlaxda 15-İyun “Milli Qurtuluş Günü”nə həsr edilmiş velosiped yarışı keçirilmişdir
Yevlaxda 15-İyun Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər davam etdirilir. Yevlax Şəhər İcra Hakimiyyəti, YAP Yevlax rayon təşkilatı, Gənclər və İdman İdarəsi və Gənclərin İnkişaf və Karyerası Mərkəzinin Yevlax nümayəndəliyinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş şosse velosipedi üzrə açıq rayon birinciliyi keçirildi.
Açıq rayon birinciliyində Yevlax şəhəri ilə yanaşı Mingəçevir şəhəri, Ağdaş, Goranboy, Bərdə, Zərdab, Ucar və Göyçay rayonlarından olan velosipedçilər iştirak ediblər.
Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova çıxış edərək yarış iştirakçılarını, rəsmi qonaqları və nümayəndələri salamlayıb. Öz çıxışında əlamətdar günün və yarışın mahiyyətindən bəhs etmiş, sonda bütün iştirakçılara uğurlar arzulayaraq yarışı açıq elan etmişdir. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra yarışa start verilmişdir.
15-25 yaş aralığında olan gənclər arasında keçirilən yarış 13 iyun 2023-cü il tarixində saat 10:00-da Yevlax Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısından start götürüb. Ümumilikdə 30 həvəskar velosipedçinin iştirakı ilə keçirilən yarışda iştirakçılar 3 km məsafə qət ediblər. Mərhələli şəkildə keçirilən yarışda, hər mərhələdə 3 km-lik məsafəni ən az vaxta qət edən idmançılardan ilk üç yerin sahibləri qalib elan ediliblər.
Təltif etmə mərasimində Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Gənclər və İdman İdarəsinin rəisi Rəşad Bəhmənli, GİKM-in Yevlax nümayəndəliyinin direktoru Elvin Əjdərli qaliblərə hədiyyələrini təqdim edərək təbrik etmiş, gələcək karyeralarında müvəffəqiyyətlər arzu etmişlər. Qeyd edək ki, I yerin qalibləri təşkilatçı qrumlar tərəfindən təsis edilmiş kubok, diplom və qiymətli hədiyyə, II və III yerin qalibləri isə diplom və qiymətli hədiyyələrlə təltif olunublar.
Yarış keçirilən müddətdə Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq qurumlarla bilrikdə ictimai asayişin qorunması, təhlükəsizlik hallarının qarşısının alınması, iştirakçılara və tamaşaçılar üçün təcili tibbi xidmətin göstərilməsi məqsədilə polis və təcili tibbi yardım xidmətinin iştirakı təmin olunub.