Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda 15 İyun- Milli Qurtuluş gününə həsr edilmiş tədbir keçirildi

14 iyun 2022 | 17:55


Yevlax Şəhər İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq rayonda 15 İyun - Milli Qurtuluş gününə həsr edilmiş silsilə tədbirlər davam etdirilir.
Növbəti tədbir YAP Yevlax rayon təşkilatının binasında Şəhər İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Yevlax Rayon Təşkilatının birgə təşkilatçılığı ilə keçirilmişdir.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Milli Məclisin deputatı İlham Məmmədov, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Ağsaqqalar Şurasının və Yevlax Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın sədrləri, rayonun idarə müəssisə, təşkilat rəhbərləri iştirak etmişlər.
Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsi önünə gül dəstələri düzərək, əziz xatirəsinə öz ehtiramlarını bildirdilər.
YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev tədbiri giriş sözü ilə açaraq tədbir iştirakçılarını salamladı. Sonra Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın və dövlətçiliyimizin müdafiəsi zamanı qəhərmanlıqla həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbir iştirakçıları 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş videoçarxa baxdılar.
Tədbirdə çıxış edən Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev bildirdi ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Müstəqillik əldə etmiş ölkəmizdə o dövrki iqtidarın səriştəsiz rəhbərliyi nəticəsində daşnakların “Böyük Ermənistan” yaratmaq niyyətləri, Azərbaycanı Qafqazın siyasi xəritəsindən silmək planları reallaşmaq üzrə idi və Azərbaycan torpağı etnik əlamətə görə parçalanıb yox olmaq təhlükəsi qarşısında qalmışdı.
Xalqın sağlam qüvvələrinə arxalanan qurtuluş hərəkatçıları zamanın böyük siyasətçisi Heydər Əliyevin ətrafında toplaşaraq onun yenidən böyük siyasətə qayıtmasını, Azərbaycan dövlətçiliyini xilas etməyi xahiş etmişdilər.
Azərbaycanın görkəmli oğlu böyük vətənpərvər Heydər Əliyev xalqın bu ağır günündə, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib iyunun 9-da Bakıya gəldi. Bununla da daxili və xarici düşmənlərimizin bütün planları iflasa uğradı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.
Heydər Əliyevin xalqımızın və tariximizin qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, Azərbaycan varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtarmaqda idi.
Ümummilli Liderin təlatümlərdən çıxararaq qurub-yaratdığı Azərbaycan indi cənab Prezident İlham Əliyevin rəhbərliyi altında bütün dünyaya möhtəşəm yüksəliş dinamikasını nümayiş etdirir. Xilaskarlıq missiyasının yaratdığı quruculuq ab-havası, yeni, müasir Azərbaycanın real siyasi və iqtisadi gerçıkliklərində təzahür edir.
Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuz 30 ilə yaxın düşmən tapdağında olan əzəli torpaqlarımızı işğaldan azad etdi. Müzəffər Ali Baş Komandan özünün dediyi kimi Ata vəsiyyətini yerinə yetirdi. Xoşbəxttik ki, Ulu Öndərin bizə miras qoyduğu dövlətçilik irsi bu gün də yaşayır, bu irsin daşıyıcısı olan ölkə başçısı cənab İlham Əliyevin timsalında xalqımızın mütərəqqi inkişaf yoluna daim işıq saçır.
Daha sonra Milli Məclisin deputatı İlham Məmmədov, Yevlax Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Ariz Mikayılov,Vətən Müharibəsi Veteranı Zəfər Adgözəlli, Şəhər 5 nömrəli tam orta məktıbin direktoru Zərxanım Əhmədova, YAP Yevlax rayon təşkilatının fəalı Vahid Quliyev çıxış edərək qeyd etdilər ki, 15 iyun ölkəmiz üçün siyasi və tarixi bir gündür. Adını Azərbaycanın tarixinə xilaskar kimi qızıl hərflərlə həkk etmiş Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə respublikamıza yenidən hakimiyyətə qayıdışı sözün həqiqi mənasında ölkəmizi məhv olmaq təhlükəsindən xilas etdi, xalqımızın bütövlüyünü, milli birliyini təmin etdi və bizlərə memarı olduğu sarsılmaz, əbədi Azərbaycan dövlətini əmanət etdi.
Odur ki, qədirbilən xalqımız Heydər Əliyevin xatirəsini əzizdən əziz tutur, özünün xilaskarı və əbədiyaşar ümummilli lideri adlandırır, xalqımızın taleyhini dəyişən 15 iyun Qurtuluş Gününü hər il təntənəli şəkildə milli bayram kimi qeyd edir.

Keçidlər