Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda “15 İyun-Milli Qurtuluş Günü” münasibəti ilə tədbir keçirilmişdir

14 iyun 2024 | 14:16
Yevlaxda “15 İyun-Milli Qurtuluş Günü” münasibəti ilə tədbir keçirilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsinin önünə gül dəstələri qoyaraq,dahi Şəxsiyyətin ruhuna öz ehtiramlarını bildirdilər.
Sonra tədbir Yevlax Şəhər Heydər Əliyev Mərkəzində davam etdirildi.
Tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndi, Ulu Öndər Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canlarından keçmiş qəhrəman Şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev bildirdi ki, hər il təntənə ilə qeyd etdiyimiz 1993-cü ilin 15 iyunu xalqımızın tarixinə qızıl hərflərlə yazılmış bir gündür. Məhz həmin tarixdən Azərbaycan xalqının çox böyük çətinliklərlə yenidən əldə etdiyi müstəqilliyinin xilası başlanır. 15 iyun Azərbaycan xalqı üçün böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik tarixi bir gündür. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa-dayaq olan Ulu öndər Heydər Əliyev olmuşdur. 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə ictimai-siyasi, iqtisadi vəziyyət ziddiyyətli və mürəkkəb idi. Azərbaycan xalqı uzun müddətdən sonra öz müstəqilliyinə yenidən qovuşsa da, müstəqilliyin ilk illərində həm siyasi hakimiyyətdə, həm də dövlətin bütün təsisatlarında bir boşluq, yerlərdə isə mərkəzi hakimiyyətə inamsızlıq hökm sürürdü. AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1993-сü ilin əvvəllərindən başlayaraq yol verdikləri başıpozuq əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyllərinin baş qaldırması və bütün bunların ölkənin daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Ölkənin müstəqilliyinin itirilməsi ilə üzləşdiyi bir şəraitdə xalq yeganə çıxış yolunu Ümummilli Lider Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etməkdə gördü. Həmin gündən başlayaraq Azərbaycan dünya ölkələri ilə, xüsusən qonşu dövlətlərlə sağlam münasibətlər yaratmaq və inkişaf etdirmək xətti götürdü. Ölkədə separatizm, dövlət çevrilişi cəhdləri qətiyyətlə dəf edildi. Ulu öndərin yaratdığı dövlətçilik ənənələrinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla və layiqincə davam etdirilməsi nəticəsində bu gün Azərbaycan regionun qüdrətli, aparıcı və əsas söz sahibi olan dövləti kimi böyük nüfuz qazanıb. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazandığımız tarixi qələbəni şərtləndirən amillər əsgərlərimizin vətənpərvərliyi və yüksək döyüş ruhu ilə yanaşı, həm də ordumuzun müasir hərbi imkanlara malik olmasıdır. Bu ordu qarşısında duran tarixi missiyanı, yaradıcısı olan Heydər Əliyevin arzusunu və Ata vəsiyyətini yerinə yetirdi.
Biz artıq bütün bayramlarımız kimi Milli Qurtuluş Gününü də bütöv Azərbaycan ərazisində,qalib Ölkənin Qalib vətəndaşı kimi qeyd edirik.
YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev çıxış edərək, Milli Qurtuluş Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi və bildirdi ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan Ulu Öndər - Heydər Əliyevdir. Ulu Öndərin siyasi kursu bu gün Möhtərəm Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Bu gün Azərbaycan dünyada söz sahibidir, ölkəmiz tərəqqi və sürətli inkişaf yolundadır. Bu tərəqqi Ulu Öndər Heydər Əliyev ideyalarının təntənəsidir, möhtərəm Prezidentimiz İlham Əliyevin qayğı və diqqətinin təzahürüdür.
15 saylı Regional Xəzinədarlıq İdarəsinin rəisi Ceyhun İbişov, Qoyunbinəsi kənd tam orta məktəbin direktoru Sevinc Quliyeva çıxışlarında bildirdilər ki, iyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan Ümummilli Lider Heydər Əliyevdir. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluş missiyasını cəsarətlə öz üzərinə götürdü. Həmçinin diqqətə çatdırıldı ki, həmin gün dövlətçiliyimizin yox olmaq təhlükəsindən xilas edilməsi üçün əsaslı sütunlar yarandı. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu.
Keçidlər