Yevlaxda “14 iyul 1969-cu il : Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda tədbir keçirilmişdir
14 iyul 2023 | 10:43
Yevlaxda “14 iyul 1969-cu il : Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda tədbir keçirilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin və YAP Yevlax rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin Respublikamızda ilk dəfə siyasi hakimiyyətə gəlişinin 54-cü ildönümü və YAP Yevlax rayon təşkilatının yaranmasının 30 illik yubileyi münasibətilə “14 iyul 1969-cu il : Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda tədbir keçirilib.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Milli Məclisin deputatı İlham Məmmədov, YAP Yevlax rayon təşkilatının sədr müavini Tural İsmayılov, Yevlax rayon Ağsaqqallar Şurasının sədri Minnət Mürsəlov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, rayonda fəaliyyət göstərən idarə,müəssisə və təşkilatların rəhbərləri və gənclər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin gedişində Ulu Öndər Heydər Əliyevin mənalı ömür yolundan və müdrik siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev çıxışı zamanı qeyd edib ki, Müasir Azərbaycan tarixinin dönüş mərhələsini təşkil edən 14 iyul 1969-cu il Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi böyük bir dövrün başlanğıcıdır. 1969-1982-ci illəri haqlı olaraq Azərbaycanın intibah dövrü adlandırmaq olar. Ulu öndərin Azərbaycanda rəhbər seçilməsi xalqımızın tarixi və taleyində əhəmiyyətli dönüşün başlanğıcı, eyni zamanda ölkəmizin sürətli və uzunmüddətli inkişafının əsasının qoyulduğu tarixdir. Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir.Dahi Heydər Əliyev yalnız Azərbaycanın intibah dövrünün müəllifi deyil, həm də öz idealları ilə yollarımızı işıqlandıran parlaq mayakdır, xalqımızın qürur və iftixar mənbəyidir. O, SSRİ-in əsas rəhbər orqanı olan Siyasi Büronun üzvü seçilmişdi. Daha sonra SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olunmuşdu. Ümumilikdə Sovet dönəmində Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın milli maraqları naminə həyata keçirdiyi nəhəng işlər, fitri təşkilatçılıq bacarığı Onun şöhrətini getdikcə artırırdı. Qədirbilən xalqımız dahi şəxsiyyətin misilsiz xidmətlərini heç zaman unutmadı.
Məhz bunun nəticəsi idi ki, 1980-ci illərin sonu 90-cı illərin başlanğıcında ölkəmizin məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığı bir zamanda xalqın ziyalı nümayəndələri Ulu Öndər Heydər Əliyevə müraciət edərək tarixi zərurətlə əlaqədar yeni bir siyasi partiyanın yaradılmasının və yalnız Ümummilli Liderin öz xalqının qurtuluşuna imza atacağı inancında olduqlarını ifadə etdilər. Beləliklə, Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə yaranan Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai-siyasi həyatında dönüş yaratdı. Xalq 1993-cü ildə öz xilaskarını-Yeni Azərbaycan Partiyasının Sədri dahi Heydər Əliyevi prezident seçdi və ölkəmiz uğurla inkişaf yoluna qədəm qoydu. Məhz Onun Liderlik bacarığı, üstün zəkası, sınmaz iradəsi sayəsində Azərbaycan Cənubi Qafqazın lider ölkəsinə çevrildi. Qeyd edilib ki, bu gün Ümummilli Liderimizin siyasi xətti Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən qloballaşan dünyanın tələblərinə uyğun olaraq yeni məzmun və keyfiyyətdə uğurla davam etdirilir. Ölkəmizin hərtərəfli inkişafı, artan beynəlxalq nüfuzu, Vətən müharibəsində əldə olunan parlaq Qələbə Prezident İlham Əliyevin müdrik siyasətinin Zəfər zirvəsidir. YAP Yevlax rayon təşkilatının 30 illik yubileyi münasibətilə təşkilatın kollektivinə səmimi təbriklərini çatdıran rayon rəhbəri, Aparatın Ulu Öndərin siyasi irsinin, Möhtərəm Sədr, dövlətimizin başçısı cənab İlham Əliyevin güclü siyasətinin təbliğ olunması istiqamətindəki səmərəli fəaliyyətindən söhbət açaraq, YAP üzvlərinə şərəfli xidməti ilə rayonumuzun, eləcə də Yeni Azərbaycan Partiyasının ictimai-siyasi həyatındakı gələcək fəaliyyətində uğurlar arzulayıb.
Tədbirdə çıxış edənlər Milli Məclisin deputatı İlham Məmmədov, Rayon Ağsaqqallar şurasının sədri Minnət Mürsəlov, Yevlax rayon Xaldan kənd sakini,Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələri olmuş, təqaüddə olan müəllim Mahnigar Mustafayeva vurğulayıblar ki, Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz ümummilli liderimiz Heydər Əliyevin xidmətləridir.Milli Lider Heydər Əliyev həm sovet dönəmində, həm də müstəqilliyimizin bərpasından sonrakı müddətdə gördüyü böyük işlərlə Azərbaycan xalqının qəlbində və şanlı tariximizdə silinməz izlər buraxmışdır.
Daha sonra YAP Yevlax rayon təşkilatının sədr müavini Tural İsmayılov Ümummili Lider Heydər Əliyevin böyük tarixi şəxsiyyətindən, uzaqgörən siyasətindən və Ulu Öndərin layiqli davamçısı,Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin ali rəhbərliyi ölkəmizin son 20 ildə əldə etdiyi saysız-hesabsız uğurlardan geniş bəhs edən məruzə ilə çıxış edib. Eyni zamanda qeyd edilib ki,YAP Yevlax rayon təşkilatı 30 ildir səmərəli fəaliyyətini davam etdirərək, bu gün də YAP Mərkəzi Aparatının müvafiq tapşırıq və tövsiyələrinə, Partiyanın Nizamnaməsinə və yerli təşkilatın Əsasnaməsinə uyğun olaraq Ulu Öndərin siyasi irsinin, Prezident İlham Əliyevin bənzərsiz siyasətinin, Birinci vitse-prezident, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini Mehriban xanım Əliyevanın nəcib və xeyirxah fəaliyyətinin, Vətən müharibəsi Zəfəri, suverenlik, gender bərabərliyi və digər milli mövzuların təbliğ olunması istiqamətində şərəfli missiyanı layiqincə yerinə yetirir. Azərbaycan xalqı qürur hissi keçirir ki, böyük tarixi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin ideyaları Prezident İlham Əliyevin Zəfər təntənəsidir və bu ideyalar ölkəmizi və xalqımızı xoşbəxt gələcəyə doğru aparmaqdadır.
Sonda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və YAP Yevlax rayon təşkilatının yaranmasının 30-cu ildönümü münasibətilə bir qrup YAP üzvü Yevlax Şəhər İcra Hakimiyyətinin və YAP Yevlax rayon təşkilatının fəxri fərmanları ilə təltif edilib.