Yevlaxda “12 Noyabr-Konstitusiya Günü” münasibətilə tədbir keçirilib
Yevlaxda “12 Noyabr-Konstitusiya Günü” münasibətilə tədbir keçirilib
Yevlax Şəhər İcra Hakimiyyətinin və YAP Yevlax rayon təşkilatının birgə təşkilatçılığı ilə “12 Noyabr-Konstitusiya Günü” münasibətilə tədbir keçirilib. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Gənclər və İdman İdarəsininin rəisi Rəşad Bəhmənli, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Yevlax nümayəndəliyinin direktoru Elvin Əjdərli, Yevlax Gənclər Evi Sosial Xidmət Müəssisəsinin direktoru Elgün Əzizov, rayonda fəaliyyət göstərən bir sıra idarə,müəssisə və təşkilatların rəhbərləri, təhsil, mədəniyyət işçiləri,qazilər və gənclər iştirak edib.
Əvəllcə Dövlət Himni səsləndirilib. Müasir,müstəqil Azərbaycanın qurucusu Ulu öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova qeyd etdi ki, 1995-ci ilin mayında Ulu öndər Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyası formalaşdırıldı. Komissiyanın hazırladığı bitkin, əhatəli Konstitusiya layihəsi 1995-ci ilin oktyabrında ümumxalq müzakirəsinə verildi. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı. Referendumda seçicilərin 86 faizi iştirak etdi və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verdi. Əsas Qanun noyabrın 27-də hüquqi qüvvəyə mindi. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəddir.
Sonra tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Vidadi Murtuzayev, YAP Yevlax rayon təşkilatının sədr müavini Tural İsmayılov, Şəhər 10№-li tam orta məktəbin direktoru Xoşbəxt Nəsibova, Şəhər 7№-li tam orta məktəbin direktor müavini Nərmin Səmədova, şəhər 4№-li tam orta məktəbin tarix müəllimi Rəşadə Teymurova Azərbaycan müstəqil dövlət quruculuğu sahəsindəki uğurlarından söhbət açıb, bildirdilər ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilərkən hüquqi dövlət quruculuğunun müasir meyillərinə istinad olunmuş, ölkəmizin hüquq sistemi üçün yeni bir təsisatın – konstitusiya ədalət mühakiməsi orqanının yaradılması nəzərdə tutulmuş, bu təsisatın dövlət hakimiyyəti sistemində yeri və rolu müəyyənləşdirilmişdi. Ötən illər ərzində ölkəmizin sürətli inkişafı nəticəsində yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar Azərbaycan Konstitusiyasında bir neçə dəfə əhəmiyyətli dəyişikliklər və əlavələr edilib ki, bu da Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlmişdir.