Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilmişdir

12 noyabr 2024 | 12:21
Yevlaxda 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr olnmuş tədbir keçirilmişdir. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinin müdiri Vidadi Murtuzayev, YAP Yevlax rayon təşkilatının əməkdaşı Fərid Hacıbəyli, Yevlax rayon prokurorunun böyük köməkçisi Rauf Ələsgərov, Yevlax rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı Səddam Əsgərov,Yevlax rayon Məhkəməsinin baş məsləhətçisi Vaqif Məmtiyev, Yevlax şəhər Mədəniyyət Mərkəzinin müdiri vəzifəsini müvəqqəti icra edən Aygün Qasımova, Rayon Ağsaqqallar Şurasının sədr müavini Sərdar Məmmədov, rayonda fəaliyyət göstərən təhsil, mədəniyyət müəssisələrinin nümayəndələri və gənclər iştirak etmişlər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarını fəda edən Şəhidlərimizin müqəddəs ruhları 1 dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinin müdiri Vidadi Murtuzayev qeyd edib ki, Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə, cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəddir. Müstəqilliyin ilk illərində xalqımız qarşıya çıxan çətin problemlərin həllini, xilaskarlıq missiyasını Ulu Öndər Heydər Əliyevdə görürdü. Ümumxalq məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır.
Sonra çıxış edən Yevlax rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı Səddam Əsgərov bildirmişdir ki, 1995-ci ilin mayında Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyası formalaşdırıldı. Komissiyanın hazırladığı bitkin, əhatəli Konstitusiya layihəsi 1995-ci ilin oktyabrında ümumxalq müzakirəsinə verildi. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkədə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi. Konstitusiya qəbul edilən gün - noyabrın 12-də respublika parlamentinə ilk dəfə çoxpartiyalı sistem əsasında demokratik seçkilər də keçirildi. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı. Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilərkən hüquqi dövlət quruculuğunun müasir meyillərinə istinad olunmuş, ölkəmizin hüquq sistemi üçün yeni bir təsisatın – konstitusiya ədalət mühakiməsi orqanının yaradılması nəzərdə tutulmuş, bu təsisatın dövlət hakimiyyəti sistemində yeri və rolu müəyyənləşdirilmişdi.
Daha sonra Yevlax şəhər Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Aygün Qasımova, YAP Yevlax rayon təşkilatının əməkdaşı Fərid Hacıbəyli, Rayon Ağsaqqallar Şurasının sədr müavini Sərdar Məmmədov çıxışlarında qeyd etmişlər ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanması və qəbul edilməsidir. 29 il əvvəl, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilən Əsas Qanun müstəqil Azərbaycanın ilk Konstitusiyasıdır. Vurğulanıb ki, 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət Konstitusiyada insan hüquq və azadlıqlarına geniş yer verilməsi ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstəricisidir.
Keçidlər