Yevlaxda 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü və Azərbaycan prokurorluğunun yaranmasının 105-ci ildönümü münasibətilə tədbir keçirilib
01 oktyabr 2023 | 14:32
Yevlaxda 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü və Azərbaycan prokurorluğunun yaranmasının 105-ci ildönümü münasibətilə tədbir keçirilib
Tədbir iştirakçıları Yevlax şəhərin mərkəzində ucalan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə güllər düzərək, Ulu Öndərin müqəddəs ruhuna öz ehtiramlarını bildiriblər. Prokurorluq işçiləri Şəhidlər Xiyabanında vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Sonra tədbir Rayon Prokurorluğunun iclas zalında davam edib.
Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev prokurorluq işçilərini peşə bayramı münasibətilə təbrik edib, dövlətimizin tərəqqisi naminə onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Ümummilli lider Heydər Əliyevin səyləri ilə ötən əsrin 70-ci illərindən etibarən prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirildiyini, ədalət prinsipinin təmin olunduğunu bildirib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hakimiyyəti illərində Azərbaycan prokurorluğunun inkişafın növbəti mərhələsinə qədəm qoyduğunu vurğulayaraq, prokurorluq orqanlarında həyata keçirilən hüquqi islahatlar nəticəsində Azərbaycan prokurorluğu milli maraqların və qanunun aliliyinin təmin olunmasına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsinə xidmət edən müasir dövlət təsisatına çevrildiyini diqqətə çatdırıb.
Sonra Yevlax prokuroru Ceyhun Almasov prokurorluq orqanlarında çalışan əməkdaşları peşə bayramı münasibətilə təbrik edib, prokurorluq orqanlarında aparılan islahatlardan danışıb. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətləri, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət barəsində məlumat verərək, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən prokurorluq orqanlarına yüksək etimad, dövlət səviyyəsində hərtərəfli diqqət və qayğıdan söz açıb.
Daha sonra çıxış edən rayonun hüquq mühafizə orqanlarının rəhbərləri prokurorluq işçilərini peşə bayramı günü münasibətilə təbrik edib, ölkəmizdə hüquqi dövlət quruculuğunda, insan hüquq və azadlıqlarının qorunmasında, cinayətkarlığa qarşı mübarizədə prokurorluq orqanlarının müstəsna rolundan danışıblar.
Tədbirin sonunda Azərbaycan prokurorluğunun yaranmasının 105-ci ildönümü və prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə Yevlax rayon prokurorluğunun bir qrup əməkdaşı Şəhər İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları ilə təltif edilib.