Yevlaxda 1 oktyabr Azərbaycan Prokurorluğu işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilmişdir
01 oktyabr 2024 | 12:45
Yevlaxda 1 oktyabr Azərbaycan Prokurorluğu işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilmişdir
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, rayon Prokuroru Ceyhun Almasov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri və rayon prokurorluğunun əməkdaşları iştirak etmişlər.
Tədbir iştiakçıları əvvəlcə Şəhidlər Xiyabanında Şəhidlərin məzarlarını ziyarət etmiş, məzarların üzərinə gül dəstələri düzərək, onların əziz xatirələrinə öz ehtiramlarını bildirdilər. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Yevlax şəhərinin mərkəzindəki abidəsi ziyarət edilmiş, abidəsinin önünə gül dəstələri düzülərək Dahi Şəxsiyyətin müqəddəs ruhuna ehtiram ifadə olunmuşdur.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev öz çıxışında prokurorluq işçilərinin peşə bayramını təbrik etmiş, onlara çətin və şərəfli xidməti fəaliyyətlərində uğurlar arzulamışdır. İcra Hakimiyyətinin Başçısı prokurorluq orqanlarının keçdiyi şərəfli tarixdən, prokurorluğa göstərilən dövlət qayğısından bəhs edərək prokurorluq orqanlarının dövlət orqanları sistemindəki rolunu diqqətə çatdıraraq bildirmişdir ki, Azərbaycan prokurorluğu yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edib, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri yüksək peşəkarlıqla yerinə yetirir. Ulu Öndər Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli Sərəncamı ilə 1 oktyabr-Prokurorluq işçilərinin peşə bayramı gününün təsis edilməsi hakimiyyət orqanları sırasında xüsusi yeri olan prokurorluğa dövlət səviyyəsində qayğının ifadəsidir. Ulu Öndər Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyinə hesablanmış müdrik siyasətini uğurla davam etdirən Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə əldə olunmuş böyük uğurlar və görülən nəhəng işlər nəticəsində dövlətimiz qüdrətlənmişdir. Möhtərəm Prezidentin təşəbbüsü və rəhbərliyi ilə prokurorluq orqanlarında islahatlar yeni dövrün tələb¬ləri səviyyəsində məqsədyönlü şəkildə davam etdirilmiş, fəaliyyətini daha da müasirləşdirmiş, təkmilləşdirmişdir. Aparılmış islahatlar nəticəsində prokurorluq orqanları dövlətçiliyimizin maraqlarına, qanunun aliliyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının ən əsas dəyər kimi qorunmasına xidmət edən cəmiyyətin etimadını qazanmış dövlət qurumu kimi fəaliyyət göstərir.
Yevlax rayon prokuroru Ceyhun Almasov və digər yerli hüquq mühafizə orqanlarının rəhbərləri ölkəmizdə hüquqi dövlət quruculuğunda, insan hüquq və azadlıqlarının qorunmasında, cinayətkarlığa qarşı mübarizədə prokurorluq orqanlarının rolundan danışıblar.
Tədbirdə rayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyətləri ilə fərqlənən rayon Prokurorluğunun bir sıra əməkdaşlarına Yevlax Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim edilmişdir.