Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə tədbir keçirilmişdir

01 avqust 2025 | 15:07
Yevlaxda 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə tədbir keçirilmişdir
Yevlaxda “Konstitusiya və Suverenlik İli” çərçivəsində silsilə tədbirlər keçirilir. Növbəti tədbir 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə rayonun Qoyunbinəsi kənd tam orta məktəbinin akt zalında keçirimişdir.
Yevlax Şəhər İcra Hakimiyyətinin və Mərkəzi Aran Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, Mərkəzi Aran Regional Təhsil İdarəsi Yevlax rayonu üzrə Təhsil sektorunun müdiri Namidə Abbasova, Qoyunbinəsi kənd tam orta məktəbin rəhbərliyi, kollektivi və gənclər iştirak etmişlər.
Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilmiş, Xalqımızın Ümummili Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı, ərazi bütövlüyü uğrunda canlarından keçmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova çıxışında qeyd edib ki, bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanı ilə təsis edilib. 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edilən zaman oraya dövlət dili haqqında maddənin salınmaması ilə heç cür barışmayan Ümummilli Lider bu məsələdə sonadək öz prinsipial mövqeyini göstərib. Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin səyləri xalqımız üçün əvəzedilməz töhfələrdir. Dahi rəhbərin dil siyasəti onun dövlət quruculuğu siyasətinin tərkib hissəsi olub.
Bütün sahələrdə olduğu kimi Azərbaycan dilinin inkişafı, onun tətbiqi sahəsinin genişləndirilməsi və kənar təsirlərdən qorunması, dilimizin saflığı, təmizliyinin təmin edilməsi istiqamətində Ümummilli Lider Heydər Əliyev tərəfindən həyata keçirilən siyasət bu gün Möhtərəm Prezidentimiz,Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Möhtərəm Prezidentimizin rəhbərliyi ilə həyata keçirilən tədbirlər, dilimizin inkişafı və qorunması üçün münbit qanunvericilik bazasınının daha da möhkəmləndirməsi naminə qəbul olunan qərarlar müstəsna əhəmiyyətə malikdir. Qloballaşma və zamanın tələblərinə uyğun olaraq Azərbaycan dilinin və dilçiliyin inkişafı haqqında ölkə Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən görülən işlər dilimizin qorunması və inkişaf etdirilməsinin perspektivlərini, başlıca proqramlarını müəyyənləşdirilib.
Daha sonra çıxış edən Malbinəsi kənd tam orta məktəbin müəllimi Azərbaycan dili müəllimi Samirə Baxşıyeva, Yevlax şəhər M.Ə.Sabir adına 2 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Jalə Həsənova bildirib ki, Azərbaycan dövlət müstəqilliyinin rəmzlərindən sayılan Azərbaycan dili Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətləri sayəsində xalqın milli mənəvi sərvətinə çevrilərək kamillik zirvəsini yaşamaqdadır. Bu gün Möhtərəm Prezidentimiz,Müzəffər Ali Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında Ana dilimizin hərtərəfli inkişafı, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi qürurvericidir. Çünki dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir. Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət və ənənələrini unutmamalı, onları təbliğ etməlidir.
Tədbirin sonunda Qoyunbinəsi və Kövər kənd tam orta məktəblərinin şagirdlərinin ifasında nümayiş etdirilən müxtəlif rəqslər və musiqi nömrələri tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaratmışdır.
Keçidlər