Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda 1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə tədbir keçirilib

01 avqust 2024 | 15:22
Yevlaxda 1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə tədbir keçirilib
Yevlax Şəhər İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının birgə təşkilatçılığı ilə “Yevlax Gənclər evi” Sosial Xidmət Müəssisəsinin inzibati binasında keçirilən tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Samir Sadıqov, Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının əməkdaşı Fərid Hacıbəyli, Rayon Ağsaqqallar Şurasının sədr müavini Sərdar Məmmədov, təhsil, mədəniyyət işçiləri və gənclər iştirak ediblər. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir. Tədbir iştirakçıları Ümummili Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş Şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Daha sonra Ulu Öndər Heydər Əliyevin müdrik dil siyasətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Çıxışlarda qeyd olunub ki, bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Hələ 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edilən zaman oraya dövlət dili haqqında maddənin salınmaması ilə heç cür barışmayan Ümummilli Lider bu məsələdə sonadək öz prinsipial mövqeyini göstərib. 1978-ci il aprelin 2-də doqquzuncu çağırış Ali Sovetin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təkidi ilə 73-cü maddəni yeni dəyişikliklə vermək qərara alınır. Bu dəyişiklik Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dilinin Azərbaycan dili olduğunu əks etdirir. Bütün çətinliklərə baxmayaraq, Ümummilli Liderin bu cür tarixi qərara nail olması mənəvi varlığımızın əsası sayılan dilimizin inkişafında böyük addım oldu. Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin səyləri xalqımız üçün əvəzedilməz töhfələrdir. Dahi rəhbərin dil siyasəti onun dövlət quruculuğu siyasətinin tərkib hissəsi olub. Ümummilli Liderin 2001-ci il iyulun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, həmin il avqustun 9-da imzaladığı “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” fərmanlar ana dilimizin qorunması və inkişafı baxımından göstərdiyi misilsiz xidmətlərdəndir. Ümummilli liderin ideyalarını layiqincə davam etdirən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə böyük həssaslıqla yanaşır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi mühüm və uğurlu tədbirlərdən biri 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamı kütləvi nəşrlərin latın qrafikasına keçirilməsi prosesini sürətləndirib və milli kitabxana fondunu zənginləşdirib. Bundan başqa, 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamla ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib.
Müzəffər Ali Baş Komandanın 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm əhəmiyyətə malikdir. Dövlət Proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasıdır. Sənəd, eyni zamanda, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini nəzərdə tutur. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir. Dil quruculuğu ilə bağlı olan bu sənəd Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi statusunun möhkəmlənməsi istiqamətində atılmış mühüm addımlardan biridir.
Keçidlər