Yevlax şəhərinin Heydər Əliyev prospektində geniş abadlıq və yenidənqurma işləri həyata keçirilməyə başlayıb
22 avqust 2023 | 18:38
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi sürətli və davamlı inkişaf strategiyası sosial problemlərin həllində özünü aydın surətdə göstərir. Həyata keçirilən uğurlu, məqsədyönlü siyasət nəticəsində Respublikamızın bütün bölgələrində olduğu kimi Yevlaxda da quruculuq, abadlıq işləri sürətlə davam etdirilir, şəhərin prospektləri və küçələri memarlıq tələblərinə uyğun olaraq yenidən qurulur. Son dövrlərdə aparılan tikinti-quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri şəhərə tamamilə yeni, müasir görkəm verir. Yevlax şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin bir çox küçə, prospekt və məhəllədaxili yollarında təmir-bərpa işləri aparılır və yeni asfalt örtüyü salınır.
Heydər Əliyev prospektində geniş abadlıq quruculuq işləri artıq başlayıb. Belə ki, prospektin sözügedən hissəsində intensiv hərəkət nəticəsində tamet daşlarından ibarət örtüyünün üst qatında aşınmalar meydana gəlmişdir. Buna görə də aşınma qatının yenilənməsinə ehtiyac yaranıb. Hazırda istismara tam yararsız olan tamet daşları yol örtüyündən götürülür, prospekt yeni asfaltın salınması üçün hazırlanır.
Prospektdə işlər kommunikasiya xətlərinin çəkilişini həyata keçirən qurumlarla birgə aparılır. Sonuncu mərhələdə yol kənarlarına yeni yağış barmaqlıqları yerləşdiriləcək, hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaqdır.
Bunlarla yanaşı şəhərdə digər küçələrin abadlaşdırılması və yenidənqurulması işlərinin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla davam etdirilir.
Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev görülən işlərlə tanış olub, aidiyyəti üzrə əlaqədar şəxslərə tapşırıq və tövsiyələrini verib.
Yevlax şəhərində həyata keçirilən quruculuq işləri sakinlərin razılığına səbəb olur. Sakinlər aparılan abadlıq-quruculuq işlərinə, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirirlər.