Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Zəfərə doğru” adlı tədbir keçirilmişdir
03 sentyabr 2025 | 16:06
Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Zəfərə doğru” adlı tədbir keçirilmişdir
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində silsilə tədbirlər davam etdirilir. Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti silsilənin davamı olaraq rayonun Xaldan kənd kompleks tam orta məktəbin akt zalında 27 Sentyabr-Anım Gününün 5-ci ildönümünə həsr olunmuş “Zəfərə doğru” adlı növbəti tədbir keçirilmişdir.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax rayonu üzrə Təhsil sektorunun müdiri Namidə Abbasova, rayonun digər ümumtəhsil müəssisələrinin direktorları, Xaldan kənd kompleks tam orta məktəbin kollektivi və şagirdləri iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin müqəddəs ruhu 1 dəqiqəlik sükutla yad edilmişdir.
Sonra 27 Sentyabr Anım Gününə aid video çarx nümayiş etdirilmişdir.
Sonra çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova qeyd etdi ki, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, sentyabrın 27-si Azərbaycanda Anım Günü elan edilməsi Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti, eyni zamanda, Böyük Zəfərin başlanğıcıdır. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız yüksək əzm və iradə göstərərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşərək, düşmənə sarsıdıcı zərbələr endiriblər. 27 sentyabr hərbi-siyasi gücümüzün, milli ruhumuzun və milli həmrəyliyimizin təntənəsi olan böyük Zəfər qələbəsinin təməlinin qoyulduğu şərəfli bir tarixdir.
Möhtərəm Prezidentimizin rəhbərliyi 44 günlük Vətən Müharibəsində Şanlı Ordumuz noyabrın 8-də Şuşa şəhərini işğalçılardan azad etməsi Ermənistanın diz çökməsi oldu.
2023-cü il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Bir sutkadan az müddət ərzində düşmən aldığı ağır zərbələrdən sonra silahı yerə qoymağa və Azərbaycan rəhbərliyinin şərtlərini qəbul etməyə məcbur oldu. Bununla da suverenliyimiz və ərazi bütövlüyümüz tam bərpa edildi. Şanlı Qələbədən sonra Qarabağda və Şərqi Zəngəzurda böyük abadlıq və quruculuq işləri başlandı. İşğaldan azad edilən torpaqlarımız ev-ev, küçə-küçə, məhəllə-məhəllə yenidən bərpa olunur.
Elnarə Əzizova həmçinin bildirib ki, Avqustun 8-də Vaşinqtonda keçirilən tarixi görüş və imzalanmış Birgə Bəyannamə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qətiyyətli liderliyinin, praqmatik diplomatiyasının və milli maraqlarımızı qorumaq istiqamətində apardığı unikal siyasətin növbəti parlaq nəticəsidir. Bu sənəd illərdir davam edən gərginlik və münaqişə səhifəsini bağlayaraq, regionumuzda yeni sülh, sabitlik və əməkdaşlıq mərhələsinin əsasını qoyur. Vaşinqtonda imzalanmış Birgə Bəyannamə məhz onun milli maraqlarımıza sadiqliyinin, prinsipial mövqeyinin və sarsılmaz iradəsinin təntənəsidir.
Daha sonra çıxış edən Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax rayonu üzrə Təhsil sektorunun müdiri Namidə Abbasova, Yevlax şəhər İ.Nəsimi adına 3 nömrəli tam orta məktəbin direktoru Könül Hüseynova, Xaldan kənd kompleks tam orta məktəbin təşkilatçı müavini Asudə Cabbarova, Ə.Yolçuyev adına Hacıselli kənd tam orta məktəbinin coğrafiya müəllimi, 44 günlük Vətən müharibəsinin iştirakçısı, Murad Hüseynov qeyd etdilər ki, 27 Sentyabr-Anım Günü gənclərimiz üçün vətənpərvərlik və qəhrəmanlıq dərsi olmaqla yanaşı, onların şəhidlərimizin izində addımlamaları üçün böyük bir ruhlandırıcı hadisədir. Məktəblərdə keçirilən tədbirlər vasitəsilə gənclər şəhidlərimizin qəhrəmanlığını, onların canını Vətən uğrunda fəda etdiyini öyrənir, Vətən sevgisini öz qəlblərində hiss edirlər. Bu tarix gənclər üçün milli dəyərlərin aşılandığı, Vətənə sədaqət və sevginin öyrədildiyi dəyərli bir gündür. Onlar, bugünkü azadlıqlarının necə böyük bir fədakarlıqla əldə edildiyini anlayır və şəhidlərimizin müqəddəs xatirəsinə dərin ehtiram bəsləyirlər.
Tədbirin gedişində Yevlax Şəhər M.Ə.Sabir adına 2 nömrəli tam orta məktəbin Polad Həşimov adına 2 b sinif şagirdlərinin ifasında həmin sinfin rəhbəri Jalə Həsənova tərəfindən hazırlanmış “Ey Vətən” adlı kompozisiyası nümayiş etdirilmiş, Yevlax şəhər S.Vurğun adına 5 nömrəli tam orta məktəbin XI sinif şagirdi Rəhman Kərimlinin, Yevlax şəhər Uşaq Yaradıcılıq Mərkəzinin şagirdi Rəvan Quluyevin və Yevlax rayonu Xaldan kənd kompleks tam orta məktəbinin şagirdlərinin ifasında vətənə, dövlətə, dövlətçiliyə həsr olunmuş şerlər səsləndirilmişdir.






