Yevlax Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri Şəhid övladlarını ilk dərsə aparmışlar
15 sentyabr 2025 | 10:45
Yevlax Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri Şəhid övladlarını ilk dərsə aparmışlar
Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalmış şəxslərin ailə üzvlərinə, qazi olmuş şəxslərə Yevlaxda da daim diqqət və qayğı göstərilir. Şəhər İcra Hakimiyyətinin Başçısı və İcra Hakimiyyətində yaradılmış qruplar tərəfindən Şəhid ailələrinin mütəmadi olaraq ziyarət olunması, Şəhid ailələrinin və qazilərin xüsusi günlərində iştirak edilməsi,onlara maddi və mənəvi dəstək göstərilməsi artıq ənənə halını almışdır. Hər il Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri Şəhidlərimizin birinci sinifə gedən övladlarını valideyin qayğısı göstərərək dərsə aparır, onları sevindirirlər.
Bu ənənə 2025-2026-cı tədris ilində də davam etdirilmişdir. Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Xaliq Əliyev rayonun Aşağı Qarxun kəndindən olan 44 günlük Vətən müharibəsi Şəhidi Yusifli Özal İdris oğlunun ilk dəfə birinci sinfə gedən övladı Sahibə Yusiflini Aşağı Qarxun kənd tam orta ümumtəhsil məktəbinə, Şəhər İcra Hakimiyyətinin Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova isə rayonun Quşçu kəndindən olan 44 günlük Vətən müharibəsi zamanı Şəhid olmuş Cəfərov Fərid İsmixan oğlunun övladı Nurlana Cəfərovanı Xaldan kənd ümumi orta ümumtəhsil məktəbinə ilk dərsə aparmışlar.
Bu münasibətlə təşkil olunan tədbirlərdə Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizin şəhid ailələrinə diqqət və qayğısından söz açmış, Şəhidlərin ailə üzvlərini təbrik edərək, Sahibə və Nurlanaya uğurlu məktəb illəri keçirmələrini, atalarının adlarına layiq övladlar olmalarını arzulamışlar. İlk dəfə dərsə gedən Şəhid övladlarına Şəhər İcra Hakimiyyəti tərəfindən məktəbli çantaları və müxtəlif dərs ləvazimatları təqdim edilmişdir. Tədbirlərdə həmçinin bildirilmişdir ki, Vətənə əmanət olan Şəhidlərin övladları daim dövlətin nəzarətindədirlər. Onlara Dövlətimiz tərəfindən göstərilən diqqət və qayğı bundan sonra da davam etdiriləcəkdir.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.






