Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı yeni alınmış xüsusi təyinatlı avtomobilə baxış keçirib
09 oktyabr 2026 | 16:36
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı yeni alınmış xüsusi təyinatlı avtomobilə baxış keçirib
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev kommunal xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, şəhər ərazisində təmizlik və sanitariya vəziyyətinin yaxşılaşdırılması məqsədilə yeni alınmış xüsusi təyinatlı texnikaya baxış keçirib.
İcra Hakimiyyətinin Başçısına xüsusi təyinatlı texnikanın imkanları və funksional xüsusiyyətləri ilə bağlı məlumat verilib. Qeyd olunub ki, kommunal təsərrüfatın maddi-texniki bazasının gücləndirilməsi, müasir texnika və avadanlıqlarla təminatın yaxşılaşdırılması şəhərdə təmizlik işlərinin daha operativ və səmərəli həyata keçirilməsinə, sanitariya normalarına riayət olunmasına və əhalinin rahatlığının təmin edilməsinə mühüm töhfə verəcək.
Şəhər İcra Hakimiyyətinin Başçısı kommunal xidmətlərin fəaliyyətinin müasir tələblərə uyğun təşkil edilməsinin, şəhərin sanitar vəziyyətinin daim nəzarətdə saxlanılmasının və təmizlik işlərinin keyfiyyətlə həyata keçirilməsinin vacibliyini vurğulayıb. Müvafiq sahədə çalışan əməkdaşlara qarşıya qoyulan vəzifələrin vaxtında və məsuliyyətlə yerinə yetirilməsi, xüsusi təyinatlı texnikadan təyinatı üzrə və səmərəli istifadə olunması ilə bağlı tapşırıq və tövsiyələr verib.






