Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Novruz bayramı münasibətilə Dövlət Sərhəd Xidmətinin Yevlax rayonu ərazisində yerləşən “N” saylı hərbi hissəsində xidmət edən hərbçilərlə görüşüb
20 mart 2026 | 11:39
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Novruz bayramı münasibətilə Dövlət Sərhəd Xidmətinin Yevlax rayonu ərazisində yerləşən “N” saylı hərbi hissəsində xidmət edən hərbçilərlə görüşüb
Görüşdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Rayon Ağsaqqallar Şurasını sədri Minnət Mürsəlov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Şəhid atası Rəhim Rəhimov, qazilər, müharibə veteranları, mədəniyyət işçiləri iştirak etmişlər.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Novruz bayramı münasibətilə şəxsi heyəti səmimi salamlayaraq onları baharın gəlişi, təbiətin oyanışı və milli-mənəvi dəyərlərimizin rəmzi olan Novruz bayramı münasibətilə təbrik etmişdir. İcra Hakimiyyətinin Başçısı bildirib ki, Ordumuzun inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Dahi Liderin rəhbərliyi dövründə müstəqil Azərbaycan dövlətinin güclü və nizamlı ordusunun formalaşdırılmasının əsası qoyulmuşdur. Ulu Öndər ordu quruculuğunu dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirərək peşəkar kadrların hazırlanmasına, maddi-texniki bazanın möhkəmləndirilməsinə və hərbi intizamın gücləndirilməsinə xüsusi diqqət yetirmişdir. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan Ordusu qısa müddətdə regionun ən güclü silahlı qüvvələrindən birinə çevrilmək yolunda mühüm addımlar atmışdır. Bu siyasi kurs bu gün Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu ən müasir silah və texnika ilə təchiz olunmuş, döyüş qabiliyyəti və peşəkarlığı yüksək səviyyəyə çatdırılmışdır. Orduda aparılan islahatlar, hərbi təlimlərin intensivliyi və beynəlxalq təcrübənin tətbiqi Silahlı Qüvvələrimizin gücünü daha da artırmışdır. Xüsusilə 44 günlük Vətən Müharibəsi zamanı Azərbaycan Ordusu öz gücünü bütün dünyaya nümayiş etdirmiş, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində, 2022-ci ilin sentyabr ayının 12-si və 13-də düşmənin Azərbaycan Respublikasının Qərb istiqamətində sərhəd boyu törətdiyi təxribatların qarşısının alınması , 2023-cü ilin 19-20 sentyabr ayında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri zamanı qazanılan Şanlı Qələbə nəticəsində ərazi bütövlüyümüz tam bərpa olundu. Bu qələbələr Azərbaycan hərb tarixində yeni şanlı səhifə açmışdır. Bu gün Azərbaycan Ordusu Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji xətt və Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində daha da güclənərək regionda sülhün və təhlükəsizliyin təminatçısı kimi çıxış edir.
İcra Başçısı həmçinin qeyd edib ki, Möhtərəm Prezidentimizin rəhbərliyi altında dövlətimiz tərəfindən hərbçilərə göstərilən diqqət və qayğı daim yüksək səviyyədədir və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. İcra başçısı hərbi hissənin şəxsi heyətinə xidmətdə uğurlar arzulayıb, vətənə sədaqətlə xidmət etdiklərinə görə minnətdarlığını ifadə edib.
YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev çıxışında həbrçiləri təbrik edərək onlara möhkəm can sağlığı, çətin və şərəfli xidmətlərində uğurlar arzulayıb, xoşbəxtlik və firavanlıq diləyib. Həmçinin vurğulayıb ki, xalqımız hər zaman öz ordusunun yanındadır və bu sarsılmaz birlik Azərbaycanın gələcək inkişafının əsas təminatıdır.
Görüşdə çıxış edən hərbi hissənin komandiri polkovnik Teyyub Bayramov hərbçilərin vətən qarşısında şərəfli xidmət apardıqlarını, əsgər və zabitlərin göstərdiyi xidmətin yüksək qiymətləndirildiyini vurğulayaraq, onların daim ayıq-sayıq, intizamlı və peşəkar olmalarının vacibliyini diqqətə çatdırıb. O, Azərbaycan Ordusunun gücündən, hərbi intizamın və vətənpərvərliyin əhəmiyyətindən danışaraq şəxsi heyətə uğurlar arzulayıb.
Şəhid atası Rəhim Rəhimov çıxış edərək, övladının Vətən uğrunda qəhrəmancasına şəhid olduğunu qürur hissi ilə qeyd edib, gənc əsgərlərə torpaqlarımızın qorunmasında ayıq-sayıq olmağı tövsiyə edib və onlara mənəvi dəstəyini ifadə edib.
Tədbirin bədii hissəsində Yevlax şəhər S.Vurğun adına 5 saylı tam orta ümumtəhsil məktəbinin şagirdləri şerlər səsləndirib, Yevlax şəhər Mədəniyyət Mərkəzinin əməkdaşları hərbçilər qarşısında maraqlı konsert proqramı ilə çıxış ediblər.
Görüşdə milli-mənəvi dəyərlərimizin rəmzi olan Dədə Qorqud hərbçilərə Novruz təbrikləri çatdırıb, onlara güc, birlik və qələbə arzulayıb, daim qalib ruhla xidmət etmələrini diləyib. Milli musiqilər, rəqslər və bayram ruhunu əks etdirən səhnəciklər hərbçilər tərəfindən böyük rəğbətlə qarşılanıb, tədbirə xüsusi rəng qatıb.
Xidmətdə fərqlənən hərbçilər Yevlax Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları və hədiyyərlə təltif olunublar.
Sonda Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən hərbçilərə bayram sovqatları təqdim olunub. Həmçinin Yevlax şəhər S.Vurğun adına 5 saylı tam orta ümumtəhsil məktəbinin şagirdləri tərəfindən “Əsgərə məktub” layihəsi çərçivəsində yazılan məktublar "N" saylı hərbi hissənin əsgərlərinə çatdırılıb. Tədbir yüksək əhval-ruhiyyə şəraitində başa çatıb.






