Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı birinci sinfə gedəcək və ali təhsil müəssisələrinə qəbul olmuş şəhid ailələrinin üzvləri ilə görüşmüşdür
08 sentyabr 2025 | 11:32
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı birinci sinfə gedəcək və ali təhsil müəssisələrinə qəbul olmuş şəhid ailələrinin üzvləri ilə görüşmüşdür
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev hər il olduğu kimi bu ildə ümumtəhsil məktəblərinin birinci siniflərinə gedəcək və ali təhsil müəssisələrinə qəbul olmuş şəhid ailələrinin üzvləri ilə görüşmüşdür.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yevlax Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə çıxış edən Şəhər rəhbəri şəhid ailələrinin üzvlərini yeni tədris ilinin başlanması münasibətilə ürəkdən təbrik edərək onlara uğurlar arzulamış, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyeva tərəfindən vətən uğrunda canlarından keçmiş Şəhidlərimizin ailə üzvlərinə, sağlamlıqlarını itirmiş qazilərə, müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan, onların sosial müdafiəsinin gücləndirilməsi sahəsində uğurla həyata keçirilən tədbirlərdən söz açmış, şəhidlərimizin xalqımıza əmanət övladlarının qayğısız böyümələri, təhsil almaları üçün görülən işlərdən geniş bəhs etmişdir.
Şəhid ailələri çıxışlarında onlara göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Birinci sinfə gedəcək və ali təhsil müəssisələrinə qəbul olmuş Şəhid ailələrinin üzvlərinə Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən fəxri fərman və qiymətli hədiyyələr təqdim olunmuş, xatirə şəkli çəkdirilmişdir.
Xatırladırıq ki, Vətən müharibəsi şəhidləri Toğrul Bərxudarovun həyat yoldaşı Zəhra Bərxudarova Gəncə Dövlət Universitetinin “Mühasibat uçotu” ixtisasına, Bəxtiyar Bəkirovun övladı Bəkirli Məhəmməd Bəxtiyar oğlu, Azərbaycan Texnologiya Universitetinin “Turizm bələdçiliyi” ixtisasına, Mirzəyev Elçin Maqsud oğlunun övladı Gülay Mirzəyeva Bakı Mühəndislik Universitetinin “Biznesin İdarə edilməsi” ixtisasına daxil olmuşdur.
Bundan əlavə Vətən müharibəsi şəhidləri Özal Yusiflinin övladı Sahibə Yusifli Aşağı Qarxun kənd tam orta ümumtəhsil məktəbinə, Fərid Cəfərovun övladı Nurlana Cəfərova Xaldan kənd kompleks tam orta ümumtəhsil məktəbinə, Ülvi Kərimovun övladı Dilək Kərimli Mingəçevir şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbində birinci sinifə gedəcəklər.






