Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı bir qrup rayon gənci ilə görüş keçirib
04 noyabr 2026 | 17:17
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı bir qrup rayon gənci ilə görüş keçirib
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Şəhər İcra Hakimiyyətinin inzibati binasında rayonun bir qrup gənci ilə görüş keçirib. Görüşdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Yevlax rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Samir Kərimov və rayon gəncləri iştirak ediblər.
Əvvəlcə Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad olunub, videofilm nümayiş etdirilib.
Görüşdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətindən, Ümummilli Liderin gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs edib. Bildirib ki, Ulu Öndər Heydər Əliyev gəncləri Azərbaycanın gələcəyi hesab edərək onların hərtərəfli inkişafı, təhsili, sağlamlığı və cəmiyyət həyatında fəal iştirakı üçün mühüm zəmin yaradıb.
İcra başçısı qeyd edib ki, bu siyasət bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, gənclərin intellektual və fiziki inkişafı, müasir bilik və bacarıqlara yiyələnməsi, məşğulluğunun təmin olunması, dövlət idarəçiliyində və ictimai-siyasi proseslərdə iştirakının genişləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir.Vurğulayıb ki, dövlətimizin gənclərə göstərdiyi diqqət və qayğı onların üzərinə böyük məsuliyyət qoyur. Gənclər bu etimadı doğrultmalı, Vətənə, dövlətə və milli-mənəvi dəyərlərimizə sadiq qalaraq ölkəmizin inkişafına öz töhfələrini verməlidirlər. O, həmçinin gənclərin bilikli, savadlı, təşəbbüskar və vətənpərvər ruhda yetişməsinin dövlətimizin gələcəyi baxımından mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
İcra Hakimiyyətinin Başçısı qeyd edib ki, gənclər öz bilik və bacarıqları, təşəbbüsləri və fəallıqları ilə rayonun sosial-iqtisadi və ictimai inkişafına mühüm töhfələr verə bilərlər. Bu baxımdan, onların irəli sürdüyü təkliflərin dinlənilməsi, təşəbbüslərinin dəstəklənməsi və potensiallarının üzə çıxarılması daim diqqət mərkəzində saxlanılmalıdır.
Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Yevlax rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Samir Kərimov və Azərbaycan dili və ədəbiyyat müəllimi Mehriban Mustafayeva da çıxışlarında gənclərin milli-mənəvi dəyərlərə bağlı, yüksək intellektual səviyyəyə malik və vətənpərvər ruhda formalaşmasının vacibliyini vurğulayıblar. Onlar gənclərin təhsilə, elmə, idmana və ictimai fəaliyyətə marağının artırılması, asudə vaxtlarının səmərəli təşkili, liderlik və təşkilatçılıq bacarıqlarının inkişaf etdirilməsi, könüllülük fəaliyyətinin genişləndirilməsi istiqamətində görülən işlərin əhəmiyyətindən danışıblar.
Görüş zamanı gənclərin fikir və təklifləri dinlənilib, onları maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Rayonun ictimai-siyasi və sosial həyatında gənclərin rolunun artırılması, onların təşəbbüslərinin dəstəklənməsi və mövcud potensiallarının reallaşdırılması məsələləri müzakirə olunub.
Səmimi və qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşün sonunda gənclərin irəli sürdüyü təkliflərin diqqətdə saxlanılacağı, onların təşəbbüslərinin dəstəklənməsi və rayonun ictimai həyatında fəallıqlarının artırılması istiqamətində müvafiq tədbirlərin davam etdiriləcəyi bildirilib.






