Yevlax Şəhər İcra Hakimiyyətində Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş konsulu ilə görüş keçirilib
25 yanvar 2024 | 18:36
Yevlax Şəhər İcra Hakimiyyətində Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş konsulu ilə görüş keçirilib
Yevlax Şəhər İcra Hakimiyyətində Şəhər İH-nin başçısı Anar Tağıyev Türkiyənin Gəncə şəhərindəki Baş konsulu Recep Öztopla görüşüb. Görüşdə Milli Məclisin deputatı İlham Məmmədov da iştirak etmişdir.
Görüşdən əvvəl xalqımızın Ümummilli lideri Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində ucalan abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyularaq Ulu Öndərin ruhuna ehtiram bildirilib. Sonra Yevlax Şəhər Şəhidlər Xiyabanı ziyarət olunub və xalqımızın azadlığı uğrunda canlarından keçən Şəhidlərin xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri düzülüb.
Yevlax Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə Türkiyə ilə Azərbaycan arasındakı qədim tarixə malik sarsılmaz dostluq və qardaşlıq münasibətlərindən, hər iki xalqın ən çətin vaxtlarda belə birlik nümayiş etdirərək, bir-birinin sevincini və kədərini bölüşməsindən söhbət açılıb.
Eyni zamanda Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev qonağa Yevlax rayonunun tarixi, mədəniyyəti və iqtisadiyyatı, rayonda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri, reallaşdırılan bir sıra infrastruktur layihələri barədə məlumat verib və geniş fikir mübadiləsi aparılıb.
Milli Məclisin deputatı İlham Məmmədov bildirdi ki,Azərbaycan və Türkiyə münasibətləri maraqlara deyil, dəyərlərə əsaslanır və bu bütün dünya üçün bir nümunədir. Öz maraqları üçün min oyun oynayan xarici siyasi dairələr qarşısına Azərbaycan və Türkiyə Prezidentləri bu dəyərlərin gücü ilə çıxırlar.İki qardaş ölkə rəhbəri arasında möhkəm dostluq təkcə iki ölkə arasında münasibətlərin inkişafına deyil, bütün türk dünyasında əlaqələrin möhkəmlənməsinə xidmət edir.
Daha sonra Türkiyənin Gəncə şəhərindəki Baş konsulu Recep Öztop Türkiyə-Azərbaycan dostluğunun rəmzi kimi salınmış “Dostluq” parkında, şəhərdə yenicə abadlaşdırılan həyətlərdə olaraq görülən işlərlə yaxından tanış olmuşdur.