Yevlax Şəhər İcra Hakimiyyətində rayon fermerləri ilə görüş keçirilib
08 iyun 2026 | 11:01
Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Yevlax Şəhər İcra Hakimiyyətində rayon fermerləri ilə görüş keçirilib
Görüşdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, aidiyyəti dövlət qurumlarının rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, fermerlər, sahibkarlar iştirak ediblər. Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev çıxış edərək ölkəmizdə kənd təsərrüfatının inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulamışdır. O bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aqrar sahənin inkişafına xüsusi diqqət göstərilir, kənd təsərrüfatının modernləşdirilməsi, fermerlərin sosial rifahının yüksəldilməsi və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Həmçinin qeyd etmişdir ki, Möhtərəm Prezidentimizin kənd təsərrüfatına göstərdiyi diqqət və qayğı nəticəsində fermerlər üçün subsidiyaların həcmi artırılmış, güzəştli kredit mexanizmləri genişləndirilmiş, kənd təsərrüfatı texnikalarının yenilənməsi və suvarma infrastrukturunun yaxşılaşdırılması istiqamətində mühüm layihələr reallaşdırılmışdır. Bu siyasətin nəticəsi olaraq ölkənin bütün bölgələrində olduğu kimi, Yevlax rayonunda da aqrar sahədə yüksək inkişaf dinamikası müşahidə olunur.
Fermerlər və sahibkarlar da çıxış edərək kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən dövlət proqramlarının əhəmiyyətindən danışmış, göstərilən diqqət və qayğıya görə Möhtərə Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə etmişlər. Müzakirələr zamanı səsləndirilən təkliflər ətrafında geniş fikir mübadiləsi aparılmış, qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir.
Sonda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu aqrar siyasət kənd təsərrüfatının davamlı inkişafını təmin edir və bu istiqamətdə Yevlax rayonunda da qarşıya qoyulan vəzifələrin icrası bundan sonra da ardıcıl şəkildə davam etdiriləcəyi vurğulanmışdır.






