Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax Şəhər İcra Hakimiyyətində inşa yazı və rəsm müsabiqəsi qalibləri ilə görüş keçirilmişdir

20 yanvar 2023 | 14:16
 
Yevlax Şəhər İcra Hakimiyyəti, YAP Yevlax rayon təşkilatı, Yevlax rayon üzrə Təhsil sektoru tərəfindən rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında 20 Yanvar faciəsinin 33–cü ildönümü ilə əlaqədar “20 Yanvar hüzn və qürur günümüzdür” mövzusunda inşa yazı və rəsm müsabiqəsinin qalibləri ilə görüş keçirilmişdir. Görüşdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax rayon üzrə Təhsil sektorunun müdiri Namidə Abbasova, müsabiqələrdə qalib olan şagirdlər, qalib şagirdlərin təhsil aldıqları məktəblərin direktorları iştirak etmişlər.
Şəhər rəhbəri çıxışnda 20 Yanvar hadisələrinin xalqımızın qəhrəmanlıq tarixi olduğunu qeyd etdi. O, bildirdi ki, tarix boyu Azərbaycan xalqının öz ərazi bütövlüyünü qorumaq üçün mübarizə aparıb. 33 il öncə də qanlı yanvar gecəsindən dərhal sonra Azərbaycanın informasiya blokadasına alındığı ağır bir siyasi şəraitdə Ümummilli Lider Heydər Əliyevin heç kimdən çəkinmədən Azərbaycan Respublikasının Moskvadakı nümayəndəliyinə gələrək xalqımızın haqq səsini dünya ictimaiyyətinə çatdırdı, öz xalqı ilə birlikdə oldu. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığı, şərəf və ləyaqətini hər şeydən uca tutan igid Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
Şəhər rəhbəri həmçinin vurğuladı ki, hər il xalqımız minnətdarlıqla bu qəhramanlıq tarixini yüksək səviyyədə qeyd edir, faciənin qurbanlarını hörmət və ehtiramla yad edir və faciəni törədənlərin beynəlxalq tribunalarda mühakimə olunaraq, cavab vermələrini tələb edirlər. Bu gün Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi məsələlərini daim diqqət mərkəzində saxlayır. Cənab Prezident tərəfindən imzalanan son Fərmanlara əsasən 20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin 500 manat təşkil edən təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 600 manat müəyyən edilib, 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərin müavinətləri isə 15% artırılıb.
Daha sonra çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev bildirdi ki, müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılıb. Bu şərəfli tarix yetişən gənc nəslin hərbi vətənpərvərlik ruhunda böyüməsində mühüm rol oynadı. 20 Yanvar hadisəsi Azərbaycan milli kimliyinin formalaşmasına və 70 ildən sonra dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi oldu. Qeyd edilib ki, bundan sonra azadlıq hərəkatı dönməz xarakter aldı, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda gördü. Ulu Öndər Heydər Əliyev tərəfindən bu qanlı hadisəyə hüquqi-siyasi qiymət verilməsi dahi şəxsiyyətin üstün liderlik keyfiyyətlərinin bariz nümunəsi və ölkəmizin milli maraqlarının təmin edilməsinə, hüquqlarımızın qorunması naminə verilmiş ən böyük töhfə idi.
Sonda müsabiqələrin qaliblərinə Fəxri Fərman və hədiyyələr təqdim edildi.
Keçidlər