Yevlax Şəhər İcra Hakimiyyəti yanında Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin üzvlərinin iştirakı ilə görüş keçirilmişdir
12 aprel 2025 | 12:44
Yevlax Şəhər İcra Hakimiyyəti yanında Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin üzvlərinin iştirakı ilə görüş keçirilmişdir
“Laçın-2012” MMC-də keçirilən görüşdə qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində qanunvericilikdə nəzərdə tutulan imkanlar və sanksiyalar ətrafında müzakirələr aparılmışdır. Görüşdə işsizliyin azaldılması məqsədilə işaxtaran və ya işsiz şəxslərə müvafiq bilik və bacarıq verməklə, qısa müddətdə əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanmasında peşə hazırlığının əhəmiyyətindən danışılıb. Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini, Komitənin sədri Xaliq Əliyev, Şəhər İcra Hakimiyyətinin məsul işçiləri, Komitənin üzvləri və “Laçın-2012” MMC-nin əməkdaşları iştirak etmişlər. Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini, Əlaqələndirmə Komitəsinin sədri Xaliq Əliyev rayon əhalisinin məşğulluğunun təmin edilməsi istiqamətində əlaqələndirmə komitəsi tərəfindən görülən işlər barədə ətraflı məlumat verərək, bu sahədə məqsədyönlü işlərin görüldüyünü və yeni iş yerlərinin yaradıldığını bildirmişdir.
İclasda həmçinin qeyri-rəsmi məşğulluğun qarşısının alınması, rəsmiləşdirilməyən əmək münasibətləri və bu işdə mövcud olan problemlərin aradan qaldırılması, əlaqələndirmə komitəsinin işinin səmərəli təşkil edilməsi, aidiyyəti dövlət qurumları ilə əlaqələndirmənin təmin edilməsi və digər məsələlər haqqında müzakirələr aparılmışdır.
Sonda komitə üzvləri tərəfindən fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.
Qeyd edək ki, Əlaqələndirmə Komitəsi tərəfindən bu istiqamətdə həyata keçirilən maarifləndirmə tədbirlərinin mütəmadi olaraq davam etdirilməsi planlaşdırılır.