Yevlax Şəhər İcra Hakimiyyəti yanında Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin üzvlərinin iştirakı ilə növbəti görüş keçirilmişdir
18 avqust 2025 | 16:05
“Prime Cotton” MMC-nin Yevlax filialında keçirilən görüşdə qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində qanunvericilikdə nəzərdə tutulan imkanlar və sanksiyalar ətrafında müzakirələr aparılmışdır. Görüşdə işsizliyin azaldılması məqsədilə işaxtaran və ya işsiz şəxslərə müvafiq bilik və bacarıq verməklə, qısa müddətdə əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanmasında peşə hazırlığının əhəmiyyətindən danışılıb.
Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini, Komitənin sədri Xaliq Əliyev, Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, Komitənin üzvləri və “Prime Cotton” MMC-nin Yevlax filialının rəhbərliyi, əməkdaşları iştirak etmişlər. Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini, Əlaqələndirmə Komitəsinin sədri Xaliq Əliyev qeyri-rəsmi məşğulluğun aşkar edilməsi və qarşısının alınması sahəsində nəzarət tədbirlərinin gücləndirilməsi, qeyri-rəsmi məşğulluq istiqamətində, habelə qeydiyyatlı məşğulluğun üstünlükləri barədə geniş əhali arasında maarifləndirmə işlərinin aparılması və qeydiyyatdan yayınma hallarının daha çox rast gəlinən iqtisadiyyat sahələrində fəaliyyət göstərən subyektlərdə qeyri-rəsmi məşğulluğun aradan qaldırılması məqsədilə təbliğat və təşviqat kampaniyalarının təşkil edilməsi məsələlərindən danışıb.
Tədbirin gedişində aidiyyəti qurumların məsul şəxsləri ilə birlikdə peşə hazırlığı, əməkhaqqının maliyyələşdirilməsi, əmək münasibətləri və məşğulluğa dair qanunvericilikdə olan vacib məsələlər müzakirə edilib. Həmçinin qeyri-formal məşğulluğun əmək bazarının tənzimlənməsinə, vergi, sosial sığorta və digər məcburi ödənişlərin həyata keçirilməsinə, işçilərin gələcək sosial təminat hüquqlarına malik olmasına ciddi maneə yaratdığı, bu sahə üzrə nəzarətin, əmək müqaviləsi bağlamağa stimullaşdıran tədbirlərin, təbliğat-təşviqat məqsədli maarifləndirmə işlərinin daha da gücləndirilməsinə ehtiyac olduğu bildirilmişdir.
Görüş zamanı təkliflər dinlənilib və çıxış edənlər mövzunun aktuallığı barədə bir sıra vacib məsələləri diqqətə çatdırıblar.






