Yevlax Şəhər İcra Hakimiyyəti və Azərbaycan Texniki Universiteti arasında müqavilə bağlanmışdır
08 may 2023 | 16:26
Yevlax şəhərində “Şəhərdaxili hərəkət (mobillik) planın hazırlanması” məqsədi ilə Yevlax Şəhər İcra Hakimiyyəti və Azərbaycan Texniki Universiteti arasında müqavilə imzalanmışdır.
Qeyd edək ki, müqavilə Dayanıqlı inkişaf məqsədlərinin ardıcıl həyata keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın 7.4.6.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 22 yanvar tarixli 25 nömrəli “Şəhərdaxili hərəkət (mobillik) planın hazırlanması” qərarına uyğun işlərin görülməsini nəzərdə tutur.
İmzalanma mərasimində təşkil edilmiş geniştərkibli görüşdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev və Azərbaycan Texniki Universitetinin Rektoru Vilayət Vəliyev müqaviləninin Ulu Öndərin anadan olmasının 100 illiyi ərəfəsində bağlanması və “Heydər Əliyev ilində” icra olunması əhəmiyyətli hadisə olmaqla bərabər onun irsinin davamına əhəmiyyətli töhvədir. Məhz Ulu öndər şəhərlərimizin, o cümlədən Yevlax şəhərinin dayanıqlı inkişafına, xüsusilədə yol şəbəkələrinin planlı layihələndirilməsi və icrasına ciddi fikir verir və bu işlərə şəxsən özü rəhbərlik edirdi.
Qeyd olundu ki, bu planlı və məqsədyönlü işlərin davamı olaraq, ölkəmizdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Dayanıqlı İnkişaf Məqsədləri həyata keçirilməkdədir. Dayanıqlı İnkişaf məqsədlərinin məqsəd, meyar və göstəricilərinin milliləşdirilməsi üçün əhatəli və əhəmiyyətli işlər ardıcıl olaraq həyata keçirilir. Odur ki, bu gün icrasına başladığımız layihə məhz 2030-cu ilədək addımların gündəliyində yerli tərəfdaşların bilavasitə iştirakı ilə qarşıya qoyulan 11-ci məqsəd özündə təhlükəsiz, hamı üçün əlverişli, əlçatan və dayanıqlı nəqliyyat sistemləri, xüsusilə həssas vəziyyətdə olanların, qadınların, uşaqların, əlillərin və yaşlı insanların ehtiyaclarına xüsusi diqqət yetirməklə, ictimai nəqliyyatın genişləndirilməsi yolu ilə yol təhlükəsizliyinin yaxşılaşdırılmasını ehtiva edir.
Görüşdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-Şəhər təsərrüfatı şöbəsinin müdiri İlqar Hüseynov,Memarlıq və tikinti şöbəsinin müdiri-baş memar Xalid Əhmədov, AzTU-nun Logistika və Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov və Universitet-Sənaye Əməkdaşlığı və Ömürboyu Təhsil Mərkəzinin rəhbəri Aynurə İsmayılova iştirak etmişlər.
“Dövlət-universitet-sənaye” tandeminin ən bariz nümunəsi olan “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” üzrə məsləhət xidmətinin–layihəsi Yevlax Şəhər İcra Hakimiyyəti və Azərbaycan Texniki Universiteti arasında ilk layihədir. AzTU-nun nəqliyyat istiqaməti üzrə professor-müəllim heyətinin cəlb edilməsi ilə həyata keçirilməsi planlaşdırılan layihə üzrə başlangıc (kickoff meeting) görüş keçirilmiş, ilkin müzakirələr, layihənin gedişatına dair fikir mübadiləsi aparılmışdır.