Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı yanında Dini İşlər üzrə Komissiyanın növbəti iclası keçirilmişdir
08 dekabr 2025 | 15:30
Yevlax Şəhər İcra Hakimiyyətinin inzibati binasında keçirilən iclasda Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı yanında Dini İşlər üzrə Komissiyanın sədri Xaliq Əliyev, Komissiyanın üzvləri, rayonun hüquq-mühafizə orqanlarının məsul şəxsləri, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Yevlax regional bölməsinin əməkdaşı, inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri, din xadimləri, Rayon Ağsaqqallar Şuranın sədri, üzvləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
İclasda çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı yanında Dini İşlər üzrə Komissiyanın sədri Xaliq Əliyev Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət-din siyasətinin Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, tolerant cəmiyyətin qorunması istiqamətində aparılan işlərdən danışmışdır. Bildirmişdir ki, həyata keçirilən Dövlət-din münasibətləri modeli xalqımızın maraqlarını ifadə edərək demokratik prinsiplərə əsaslanır.
Sonra çıxış edən Rayon Ağsaqqalar Şurasını sədri Minnət Mürsəlov rayon ağsaqqallarının Yevlax rayonununda yas mərasimlərində təşkil olunan ehsan süfrələrində israfçılığa yol verilməsinin qarşısının alınması ilə bağlı müraciətlərini səsləndirmişdir. O, ehsan verilməsin israfçılıq olduğunu, bunun qarşısının alınması məqsədilə rayon ərazisində təşkil olunan yas mərasimlərində maarifləndirmə işlərinin gücləndirilməsinin vacibliyini bildirmişdir.
Daha sonra rayon Ağsaqqalar Şurasının üzvləri öz çıxışlarında qeyd etmişlər ki, yas mərasimlərinin əsas məqsədi vəfat edənin ruhuna ehtiram göstərmək, ailəyə mənəvi dəstək olmaqdır. Bu isə süfrə açmaqla deyil, dua oxunması, Qurani-Kərim tilavəti və anım xarakterli sadə mərasimlərlə həyata keçirilməlidir. Onların sözlərinə görə, yalnız yemək verilməsi ənənəsi dini baxımdan vacib hesab olunmur və əksər hallarda ailələr üçün artıq xərc və sosial təzyiqə səbəb olur.
İclasda digər çıxış edənlər yas mərasimlərinin sadələşdirilməsi və ehsan verilməsinin dayandırılmasının vacibliyi barədə fikirlərini bildirdilər.
Komissiyanın iclasında Yevlax rayonunda yas mərasimlərində yemək verilməsi ənənəsinə son qoyulması ilə əlaqədar rayon əhalisi arasında maarifləndirmə işlərinin intensiv aparılması və bu işdə ictimaiyyətin dəstəyinin vacibliyi vurğulanmışdır.






