Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul şəxsləri ilk dəfə dərsə gedən Şəhid övladlarını tək qoymadı
18 sentyabr 2023 | 17:01
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul şəxsləri ilk dəfə dərsə gedən Şəhid övladlarını tək qoymadı
Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Ölkəmizdə təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Hər bir sahədə müşahidə edilən inkişaf təhsil sektorunda da aşkar şəkildə nəzərə çarpır. Cənab Prezidentin yüksək diqqət və qayğısı sayəsində təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyilləri meydana çıxır,yüksək nəticələr əldə olunur.
Respublikamızın bütün bölgələrində olduğu kimi Yevlax təhsilinə göstərilən diqqət və qayğının bariz nümunəsi kimi Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən rayonun Xanabad kəndində inşa edilmiş 360 şagird yerlik, 3 mərtəbəli yeni, müasir tələblərə cavab verən məktəb binasını göstərmək olar.
Möhtərəm Prezidentimizin göstərişi ilə Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalmış şəxslərin ailə üzvlərinə, qazi olmuş şəxslərə Yevlaxda da daim diqqət və qayğı göstərilir. Şəhər İcra Hakimiyyətinin Başçısı və İcra Hakimiyyətində yaradılmış qruplar tərəfindən Şəhid ailələrinin mütımadi olaraq ziyarət olunması, Şəhid ailələrinin və qazilərin xüsusi günlərində iştirak edilməsi,onlara maddi və mənəvi dəstək göstərilməsi artıq ənənə halını almışdır.
Hər il Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri Şəhidlərimizin birinci sinifə gedən övladlarını valideyin qayğısı göstərərək dərsə aparır, onları sevindirirlər. Bu ənənə yeni tədris ilində də davam etdirilmiş, Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Xaliq Əliyev rayonun Xanabad kəndindən olan Vətən müharibəsi Şəhidimiz Rəsulov Xəzər Mayıl oğlunun ilk dəfə birinci sinfə gedən övladı Fateh Rəsulovu dərsə aparmışdır. Bu münasibətlə təşkil olunan tədbirdə çıxış edən Xaliq Əliyev Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizin şəhid ailələrinə diqqət və qayğısından söz açaraq, Şəhidin ailə üzvlərini təbrik etmiş və Fateh Rəsulova gələcək həyatında uğurlar arzulamışdır.
Malbinəsi kəndindən olan Şəhidimiz Bahadurzadə Vüqar Məmməd oğlunun övladı Məmməd Bahadurzadəni Malbinəsi kənd tam orta məktəbinə ilk dərsə aparan Şəhər İcra Hakimiyyətinin Başçısının müavini-Şəhər təsərrüfatı şöbəsinin müdiri İlqar Hüseynov Şəhidin ailə üzvlərini təbrik edərək, balaca Məmmədə uğurlu məktəb illəri keçirməsini, atasının adına layiq övlad olmasını arzulamışdır.
İlk dəfə dərsə gedən Şəhid övladlarına Şəhər İcra Hakimiyyəti tərəfindən məktəbli çantaları və müxtəlif dərs ləvazimatları təqdim edilmişdir.
Görüşlərdə həmçinin bildirilmişdir ki, Vətənə əmanət olan Şəhidlərin övladları daim dövlətin nəzarətindədirlər. Onlara Dövlətimiz tərəfindən göstərilən diqqət və qayğı bundan sonra da davam etdiriləcəkdir.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.