Yevlax Şəhər “Cümə” məscidində din xadimləri ilə görüş keçirildi
Yevlax Şəhər “Cümə” məscidində din xadimləri ilə görüş keçirildi
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Şəhər “Cümə” məscidində Məhərrəmlik ayının başlanması münasibətilə bir din xadimi ilə görüşdü.
Görüşdə Qafqaz Müsəlmaları İdarəsinin Yevlax rayonu üzrə səlahiyyətli nümayəndəsi Hacı Namiq Əliyev, din xadimləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Görüşdə çıxış edən Şəhər İcra Hakimiyyətinin Başçısı əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətlərinin bu gün ölkəmizin inkişafına böyük töhfə verdiyini söyləyib, hazırda Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin milli-mənəvi dəyərlərimizin inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərdən danışıb.
Dövlətimiz tərəfindən milli-mənəvi dəyərlərimizə diqqət və qayğının göstərildiyini, Azərbaycan dindarlarının daim dövlətçiliyimizə sadiq olduqlarını vurğulayıb.
ŞİH Başçısı son illərdə ölkəmizdə bütün sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərimizə dövlət qayğısının daha da artdığını diqqətə çatdıraraq Prezident İlham Əliyevin təşəbbüsü ilə əsaslı təmir və bərpa olunan ibadət ocaqlarının, ziyarətgahların sayının gündən-günə artdığını bildirib.
Şəhər Rəhbəri həmçinin qeyd etdi ki, 44 günlük Vətən müharibəsi zamanı birlik və həmrəylik nümayiş etdirərək Müzəffər Ali Baş Komandanımız Cənab İlham Əliyevin ətrafında “Dəmir yumruq” kimi birləşən müxtəlif xalqlara və dinlərə mənsub Azərbaycan vətəndaşları çiyin-çiyinə, qətiyyətlə və vətənpərvərliklə döyüşdülər. Bütün dini konfessiyalar dəfələrlə düşmənin ölkəmizə qarşı yönəlmiş təxribatlarına kəskin şəkildə etirazlarını bildirdilər.
İslam dininin mənəviyyatımız, mədəniyyətimiz, milli dəyərlərimizlə bağlı olduğunu bildirən Şəhər Rəhbəri bu gün hər bir Azərbaycan vətəndaşının üzərinə dinimizi, milli-mənəvi dəyərlərimizi düzgün öyrənmək və təbliğ etmək kimi məsuliyyətli bir vəzifə düşdüyünü qeyd edib. O, qeyd edib ki, xalqımız hər zaman Məhərrəmlik mərasimlərini qanun çərçivəsində qeyd edib və bu ənəni bu gün də yaşadır.
Çıxış edən QMİ-nin Yevlax rayonu üzrə səlahiyyətli nümayəndəsi Hacı Namiq Əliyev qeyd etdi ki, öz humanizmi və bəşəri idealları ilə dünya sivilizasiyasının möhtəşəm səhifəsini təşkil edən İslam dini xalqımızın dünyagörüşünün formalaşmasında və milli-mədəni inkişafında müstəsna rol oynamış, mütərəqqi islami dəyərlər və ənənələr Azərbaycanda həmişə uca tutulmuşdur. Ölkəmizdə bütün dinlərin nümayəndələrinə öz dini etiqad və azadlıqlarını ifadə etmək, dini ayin və mərasimləri sərbəst yerinə yetirmək üçün şərait yaradılmışdır.
Tədbirdə eyni zamanda Müsəlman dünyasında Məhərrəmlik ayının başlanması ilə əlaqədar məscidlərdə və digər ibadət yerlərində dini mərasimlərin icrası zamanı Qafqaz Müsəlmanları İdarəsinin verdiyi Fətvanın tələblərinə ciddi riayət olunmasının vacibliyi diqqətə çatdırılıb. Vurğulanıb ki, Aşura mərasimləri milli adət-ənənələrimizə uyğun formada keçirilməlidir.