Yevlax rayonunun ümumtəhsil müəssisələrində “Bilik Günü” böyük təntənə ilə qeyd olunmuşdur
16 sentyabr 2024 | 10:43
Yevlax rayonunun ümumtəhsil müəssisələrində “Bilik Günü” böyük təntənə ilə qeyd olunmuşdur
Yevlax rayonunun ümumtəhsil müəssisələrində “Bilik günü” münasibətilə tədbirlər keçirilmişdir. Bu əlamətdar günlə bağlı rayonun bütün məktəblərində böyük hazırlıq işləri aparılıb, yeni dərs ilinin ilk günü münasibərilə rəngarəng və maraqlı tədbirlər hazırlanmışdır. Keçirilən bütün tədbirlər Dövlət Himnimizin səslənməsi, Xalqımızın Ümumilli Lideri, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin və canlarının torpaqlarımızın azad olunnması, ərazi bütövlüyümüz uğrunda qurban vermiş şəhidlərimizin müqəddəs xatirələrinin yad edilməsi ilə başlanılmışdır.
Tədbirlərdə iştirak edən Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavinləri, Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul əməkdaşları, Şəhər İcra Hakimiyyəti Başçısının kənd, qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri, Mərkəzi Aran Regional Təhsil İdarəsinin rəhbərliyi, bələdiyyə sədrləri, şəhid ailələrinin üzvləri, qazilər və veteranlar yeni tədris ilinin başlanması münasibətilə müəllim və şagird heyətini təbrik edərək onlara uğurlar arzu etmişlər.
Çıxışlarda qeyd olunub ki, son illər ölkədə yeni məktəb binalarının tikintisi və köhnələrinin əsaslı təmiri böyük vüsət alıb. Rayon məktəblərində təhsilin səviyyəsi, şagirdlərin biliklərə yiyələnməsi üçün yaradılan şərait diqqət mərkəzindədir. Görülən işlərin nəticəsidir ki, rayon təhsil müəssisələrinin uğurları artır, məzunlarımızın ali məktəblərə daxil olma göstəriciləri ildən-ilə çoxalır.
Yevlax rayon məktəblərində keçirilən tədbirlərdə şagirdlərin hazırladıqları bədii kompozisiyalar, şerlər, məktəb həyatından bəhs edən və vətənpərvərlik mövzusunda mahnılar, milli rəqslər tədbir iştirakçılarının alqışları ilə müşayiət olunub.
2024-2025-ci tədris ilində Yevlax rayon ümumtəhsil məktəblərinə 15507 nəfər şagird gedir ki, onlardan 1271 nəfəri 1-ci sinif şagirdləridir.
Elm və təhsil nazirliyinin müvafiq əmri ilə 2024-2025-ci tədris ilində ümumi təhsil müəssisələrinin II-XI siniflərində ilk dərs “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunacaqdır.