Yevlax rayonunda taxıl biçini yekunlaşmışdır
12 avqust 2025 | 16:33
Yevlax rayonunda 2025-ci il taxıl biçini uğurla başa çatmışdır. Belə ki, cari təsərrüfat ilində rayonda ümumilikdə 10 352 hektar sahədə taxıl əkini aparılıb. Bunun 4 426 hektarı buğda, 5 926 hektarı isə arpa sahələridir. Əkilmiş sahələrin 9 427 hektarı suvarılan, 925 hektarı isə dəmyə torpaqlar təşkil edir.
Aqrar sahədə həyata keçirilən sistemli tədbirlər, eləcə də məhsuldarlığa yönəlmiş düzgün aqrotexniki qulluq nəticəsində yüksək nəticələr əldə olunub. Belə ki, biçin mövsümünün sonunda ümumilikdə 16 730 ton buğda, 18 667 ton arpa tədarük edilib.
Məhsuldarlıq göstəriciləri:
Buğda: 37.8 sentner/ha
Arpa: 31.5 sentner/ha
Bu nəticələr göstərir ki, cari ildə Yevlax rayonunda taxılçılıq sahəsində mühüm irəliləyişlər baş verib. Suvarma sistemlərinin düzgün idarə olunması, yüksək keyfiyyətli toxum materiallarından istifadə, vaxtında və effektiv aqrotexniki tədbirlərin görülməsi məhsuldarlığın artmasına əsaslı şəkildə təsir göstərmişdir.
Rayonun fermerləri və kənd təsərrüfatı mütəxəssisləri tərəfindən aparılmış səylər nəticəsində məhsul itkisinin qarşısı alınıb, biçin işləri optimal vaxtda və itkisiz şəkildə həyata keçirilib.
Yevlax Şəhər İcra Hakimiyyəti və aidiyyəti qurumlar tərəfindən kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən fermerlərə dəstək tədbirləri davam etdiriləcək və gələcək illərdə daha yüksək məhsuldarlığın əldə olunması üçün stimullaşdırıcı mexanizmlər tətbiq ediləcəkdir.






