Yevlax rayonunda Dövlət Proqramının icrası ilə bağlı qarşıda duran məsələlər müzakirə olunub
30 oktyabr 2026 | 14:13
Yevlax rayonunda Dövlət Proqramının icrası ilə bağlı qarşıda duran məsələlər müzakirə olunub
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyevin rəhbərliyi ilə İnzibati Ərazi Dairələri üzrə nümayəndələrin və bələdiyyə sədrlərinin iştirakı ilə müşavirə keçirilib. Şəhər İcra Hakimiyyətinin inzibati binasında keçirilən müşavirədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr, eləcə də proqramın Yevlax rayonunda icrası ilə bağlı qarşıda duran məsələlər müzakirə olunub.
Müşavirədə çıxış edən Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Dövlət Proqramının kənd təsərrüfatının inkişafı, istehsal potensialının artırılması, məhsulların emalı və satış imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətini diqqətə çatdırıb. Bildirilib ki, qarşıya qoyulan hədəflərə nail olmaq üçün aidiyyəti qurumlar, yerli icra nümayəndəlikləri və bələdiyyələr arasında əlaqəli fəaliyyətin təşkili vacibdir.
Eyni zamanda qeyd edib ki, yerlərdə kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadə olunması, əkin sahələrinin dövriyyəyə cəlb edilməsi, suvarma imkanlarının yaxşılaşdırılması, fermerlərin mövcud imkanlar barədə məlumatlandırılması, habelə balıqçılıq və akvakultura sahələrinin inkişafı istiqamətində müvafiq tədbirlər həyata keçirilməlidir.
Şəhər İcra Hakimiyyətinin Başçısı inzibati ərazi dairələri üzrə nümayəndələrə və bələdiyyə sədrlərinə öz fəaliyyət istiqamətləri üzrə Dövlət Proqramından irəli gələn tapşırıqların icrasına məsuliyyətlə yanaşmağı, mövcud potensialın müəyyənləşdirilməsini, kənd təsərrüfatı sahəsində qarşıya çıxan problemlərin araşdırılmasını və onların həlli istiqamətində konkret təkliflərin hazırlanması barədə tapşırıq və tövsiyələrini verib.
Müşavirədə iştirak edən İnzibati Ərazi Dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri də müzakirə olunan mövzu ətrafında fikirlərini bildiriblər. Onlar təmsil etdikləri ərazilərdə kənd təsərrüfatının mövcud vəziyyəti, inkişaf imkanları, qarşıya çıxan məsələlər və Dövlət Proqramından irəli gələn vəzifələrin icrası ilə bağlı təkliflərini səsləndiriblər.
Müşavirədə, həmçinin proqramın icrasının təmin edilməsi, görüləcək işlərin əlaqələndirilməsi, qarşıya çıxan çətinliklərin vaxtında aradan qaldırılması və müvafiq tədbirlərin sistemli şəkildə həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, aidiyyəti üzrə tapşırıq və tövsiyələr verilib. Sonda qarşıya qoyulan vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinin vacibliyi vurğulanıb. İnzibati ərazi dairələri üzrə nümayəndələrə və bələdiyyə sədrlərinə görülən işlərə nəzarətin artırılması, mövcud problemlərlə bağlı mütəmadi məlumatlandırmanın təmin edilməsi və əhali arasında maarifləndirmə tədbirlərinin davam etdirilməsi barədə tapşırıq və tövsiyələr verilib.






