Yevlax rayonu Xaldan kənd kompleks tam orta məktəbinin binası əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib
16 sentyabr 2022 | 13:30
Yevlax rayonu Xaldan kənd kompleks tam orta məktəbinin binası əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib
Məktəb binasının açılış mərasimində Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, Azərbaycan Respublikasının Milli Məclis sədrinin I müavini Əli Hüseynli, Milli Məclisin deputatı İlham Məmmədov, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, təhsil işçiləri, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər. Tədbirdə respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev 15 sentyabr Bilik günü və yeni dərs ilinin başlanması münasibətilə bütün müəllimləri və şagirdləri, xüsusilə bu gün daha çox həyəcanlı olan birinciləri, onların valideynlərini təbrik etdi. Birincilərə yeni məktəb həyatında bol-bol uğurlar arzu etdi. Sonra bildirdi ki, hər bir məktəb həm də müqəddəs məbəddir. Çünki dəyərli vətəndaş, bilikli insan formalaşdıran məktəb nəticə etibarilə dövlətin və millətin inkişafının əsas təməl daşına çevrilir. Yəni, ölkənin də, xalqın da tərəqqisinin, yüksəlişinin, işıqlı sabahının bünövrəsi məhz məktəbdə, onun verdiyi təhsildə qoyulur. Hələ Sovetlər dövründə Xaldan məktəbi yalnız Yevlaxın deyil, bütün Azərbaycan təhsilinin qürur mənbəyi, şanlı bayraqdarı idi. Sovet təhsil sistemi içərisində Xaldan məktəbi xüsusilə fərqlənib. Belə ki, uzun onilliklər boyu məktəbin şöhrəti ölkəmizin sərhədlərini aşaraq, keçmiş ittifaqa yayılmışdı. Sovet İttifaqının təhsil sahəsinin rəhbərliyi səviyyəsində bu məktəbin fəaliyyəti həmişə yüksək qiymətləndirilir, nümunə göstərilirdi. SSRİ-nin və Azərbaycanın ali mükafatlarını alan Xaldan məktəbi barədə Azərbaycanda məlumatı olmayan adam yoxdur. Yevlax təhsilinin uğurlarından danışarkən uzun onilliklər boyu ən mükəmməl örnək kimi məhz Xaldan məktəbi misal çəkilib. Şanlı ənənələri təhsil innovasiyaları ilə uğurla birləşdirən Xaldan məktəbi ulu öndərimiz, Azərbaycan təhsilinin hamisi Heydər Əliyevin də diqqətini çəkmişdi. Ümummilli Lider bu məktəbi ziyarət etmiş, məktəbin fəailiyyətini yüksək qiymətləndirmişdir. Ulu öndər Heydər Əliyev tərəfindən yaradılan mükəmməl təhsil sistemi Xaldan məktəbinin nailiyyətlərinin əsas səbəbi idi. Məktəbin uğurlarının səbəbkarları kimi məktəbin fədakar pedoqoqlarını da qeyd etmək lazımdır.Belə pedaqoqlardan danışarkən daim böyük ehtiramla, rəhmətlə və minnətdarlıqla unudulmaz Zahid Şöyübovu xatrılayırıq. O məktəb direktoru kimi peşəkar təşkilatçılı və əsl müəllim obrazı ilə yalnız Xaldan məktəbinə şöhrət gətirmədi. Həm də Azərbaycanın təhsil tarixinə möhtəşəm Xaldan məktəbi möhürünü vurdu.
SSRİ-nin xalq müəllimi, Azərbaycanın əməkdar müəllimi, Prezident təqaüdçüsü, «Şöhrət» Ordenli Zahid Şöyübov hesab edirəm ki, ölkəmizin bütün müəllimləri, məktəb direktorları üçün ən layiqli örnək kimi qəbul olunmalıdır. Ulu Öndərimiz Heydər Əliyevin uğurlu siyasətini bütün sahələrdə davam etdirən Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev təhsilimizin inkişafını daim diqqət və qayğı göstərir. Cənab Prezidentin tapşırıqları ilə yeni yeni məktəb binaları tiklir , təmir edilir. Bu diqqət və qayğının göstəricisi kimi Xaldan məktəbi əsaslı şəkildə təmir edilərək siz təhsil işçilərinin, şagirdlərin istifadəsinə verilib.Həmçinin Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən ölkədə “Yeniləşən Azərbaycana yeni məktəb” kampaniyası çərçivəsində yüzlərlə məktəb istifadəyə verilib. Yevlaxda da hörmətli Mehriban xanım Əliyevanın dəstəyi ilə xeyli məktəb tikilib istifadəyə verilib, yaxud təmir olunub və yenilərinin təmiri, tikintisi davam edir.
Şəhər rəhbəri sonda dedi ki, Həm Birinci Qarabağ Savaşında, həm Vətən Müharibəsində sizlərin yetişdirdiyi yüzlərlə şagird bir anda Azərbaycanın qeyrətli, qəhrəman müdafiəçiləri oldular. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış Xaldan məktəbinin məzunu olan 27 şəhidimiz məhz bu məktədə “Ana”, “Vətən”, “Azərbaycan” sözlərinin yazılışını öyrəndi. Burada siz müəllimlər onlara yalnız bu sözlərini yazılışını öyrətmədiniz, həm də bu ifadələrin dərin qatını, mənasını onlara öyrətdiniz. Onları vətənpərvər qəhrəmanlar, fədailər kimi yetişdirdiniz. Bu şəhidlərimizin mənəvi valideynləri həm də sizlərsiniz, əziz müəllimlər. 13.09.2022-ci ildə mənfur düşmənin təxribatının qarşısını alarkən Gülövşə kəndindən olan Rəhimov Təbriz Rəhim oğlu qəhrəmancasına şəhid oldu. Şəhidimizin dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları ilə görüşdüm, onlardan “təki vətən sağ olsun” kəlməsini, mərasimdə iştirak edən gənclərimizdən “Şəhidlər ölməz Vətən bölünməz” şüarını eşidərkən bir daha əmin oldum ki, Xalqımızda vətənpərvərlik ruhu çox yüksəkdir. Bu vətənpərvərlik ruhu Siz müəllimlər sayəsində formalaşır. Məhz buna görə də Sizlərə təşəkkür edirəm.
Mərasimdə çıxış edən Azərbaycan Respublikasının Milli Məclis sədrinin I müavini Milli Məclisin deputatı Əli Hüseynli, Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev müəllim və şagirdləri məktəbin istifadəyə verilməsi münasibətilə təbrik edib, ölkəmizdə təhsilə verilən önəmdən, təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsinə yönəldilən mühüm tədbirlərdən danışıblar.
Tədbirdə söz alan pedaqoji kollektivin nümayəndələri, şagirdlər və kənd sakinləri dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildirib, yüksək qayğıya əməli işlə cavab verəcəklərini söyləyiblər.
Sonra qonaqlar təhsil ocağında yaradılmış şəraitlə tanış olublar. 960 şagird yerlik məktəb binasında sinif otaqları, fizika, kimya, biologiya kabinet və laboratoriyaları, informatika, gənclərin çağırışaqədərki hazırlığı kabineti, məktəbəhazırlıq otağı, kitabxana, akt zalı, idman zalı və bufet yaradılıb. Təhsil ocağı lazımi inventar və avadanlıqlarla təmin olunub.
2022-2023-cü tədris ilində təhsil müəssisəsində 544 şagird, məktəbəhazırlıq qrupunda isə 19 uşaq təhsil prosesinə cəlb olunub. Məktəbdə 48 nəfər pedaqoji işçi çalışır.
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən birinci sinif şagirdlərinə Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi ilə birgə hazırlanan “Bizim böyük Qələbəmiz” kitabı paylanıb.