Yevlaxda dindarlarla görüş keçirildi
01 may 2022 | 19:16
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev Müqəddəs Ramazan bayramı münasibətilə Yevlax şəhər “Cümə” Məscidində bir qrup dindarla görüşmüşdür. Şəhər Rəhbəri görüşdə bayram münasibətilə dindarları ürəkdən təbrik edərək, hər birinə ən səmimi arzu və diləklərini bildirmişdir. O, Ulu Öndər Heydər Əliyevin hər zaman dini dəyərlərə önəm verdiyini, Müqəddəs bayramların dövlət tərəfindən yüksək səviyyədə qeyd olunduğunu bildirərək bu ənənənin bu gün də möhtərəm Prezidentimiz Cənab İlham Əliyev tərəfindən davam etdirildiyini diqqətə çatdırmışdır. Şəhər İcra Hakimiyyətinin Başçısı qeyd etmişdir ki, Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi-bərəkət ayıdır. Bu ay ərzində ölkəmizin hər yerində təşkil olunan iftar süfrələri də ənənəvi tolerantlığı və sıx birliyi bir daha nümayiş etdirir.
Görüşdə Yevlax şəhər “Cümə” Məscidinin imamı Eldəniz Əhmədov dindarlar adından çıxış edərək Ölkə Prezidenti Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altındakı 44 günlük Vətən müharibəsində ölkəmizdəki dini konfesiyaların tolerantlığının, birliyinin şahidi olduqlarını bildirdi. Belə ki, müharibə zamanı digər dinlərə məxsus Azərbaycan vətəndaşları Ali Baş Komandanın “Dəmir yumruq”-unun ətrafında birləşərək qələbədə pay sahibi oldular. Fikrini davam etdirərək dedi ki, bu gün Ölkə Prezidenti Cənab İlham Əliyev və Birinci Vitse Prezident hörmətli Mehriban xanım Əliyeva tərəfindən Müqəddəs İslam dinimizə, dini adət-ənənələrimizə, din xadimlərinə xüsusi diqqət və qayğı göstərilir. Heydər Əliyev Fondu tərəfindən ölkəmizdə xüsusilə də işğaldan azad edilmiş ərazilərdə məscidlərin, ibadətgahların tikintisi və bərpası istiqamətindəki apardığı işlər bunun bariz nümunəsidir.
Yevlaxlı dindarlar onlara göstərilən diqqət və qayğıya görə Ölkə Rəhbərliyinə dərin minnətdarlıqlarını bildirdilər.
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən Ramazan bayramı münasibətilə Yevlax şəhər “Cümə” Məscidinin həyətində dekorativ ağaclar və gül kolları əkilmişdir.