Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr olunmuş şahmat turnirinə start verilib

31 oktyabr 2022 | 14:44

Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr olunmuş şahmat turnirinə start verilib
Respublikanın 76 şəhər və rayonunun təmsil olunduğu turnirdə ümumilikdə 80-i kişi və 80-i qadın olmaqla 160 nəfər gənc iştirak edir. 10 qrupda təşkil olunan görüşlər Bakı, Xaçmaz, İmişli, Ucar, Gəncə, Yevlax, İsmayıllı, Şirvanda keçirilib.
Yevlaxda Yevlax, Mingəçevir,Naftalan şəhərlərinin, Göygöl, Goranboy, Xocalı, Samux və Zərdab rayonlarının komandalarından ibarət 8 komandanın iştirakı ilə Şahmat turnirinin qrup mərhələsi start götürmüşdür.
Tədbir iştirakçıları əvvəlcə Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində yerləşən abidəsini ziyarət edərək,Ulu Öndərin müqəddəs ruhuna öz ehtiramlarını bildirmişlər.
Daha sonra yarışlar Yevlax şəhərindəki Heydər Əliyev Mərkəzində davam etmişdir. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini- İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova çıxış edərək YAP-ın ölkəmizin həyatında oynadığı roldan danışıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursu bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Elnarə Əzizova Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycanın ötən illər ərzində böyük inkişaf yolu keçdiyini, iqtisadiyyatın artması, əhalinin sosial rifahının yüksəldilməsi, ölkəmizin beynəlxalq müstəvidə mövqeyinin gücləndirilməsi istiqamətində mühüm addımlar atıldığını söyləyib. Qeyd edib ki, respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YAP sədrinin müavini Mehriban xanım Əliyevanın həyata keçirdiyi layihələr də xalqımız tərəfindən çox yüksək qiymətləndirilir.
YAP-ın yaradılmasının 30-cu ildönümü münasibətilə müxtəlif tədbirlərin, yarışların keçirildiyini deyərək, belə tədbirlərdən biri olan bu günki şahmat yarışının önəmini vurğulayıb.
YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev çıxışında vurğuladı ki, əsası 1992-ci ilin noyabrında Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyası bu gün ölkənin aparıcı siyasi qüvvəsi kimi dünyanın nüfuzlu partiyalarından birinə çevrilib.
Həmçinin Rafiq Əliyev Azərbaycanda şahmatın zəngin inkişaf tarixi barədə danışaraq ölkəmizdə böyük şahmatçıların yetişdiyini, şahmatın sürətlə inkişaf etməsinin, şahmatçılarımızın beynəlxalq səviyyədə uğurlarının artmasının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ötən əsrin 70-ci illərində ölkəmizə rəhbərlik etməyə başlamasından sonra geniş vüsət aldığını bildirmişdir.
Möhtərəm Prezidentimiz cənab Prezident İlham Əliyevin də şahmatın inkişafına böyük diqqət yetirdiyini nəzərə çatdıran natiqlər dövlət başçısının bu məqsədlə respublikamızda şahmatın inkişaf etdirilməsi haqqında sərəncamlar imzaladığını, bütün bunların Azərbaycan şahmatçılarının beynəlxalq yarışlarda yeni qələbələr qazanmalarına zəmin yaratdığını vurğulayıb.
Turnirin qrup mərhələsində qalib gələn iştirakçılar noyabrın 7-də Ucar rayonunda keçiriləcək “play-off” mərhələsinə vəsiqə qazanıblar.

Keçidlər