Vətən Müharibəsi şəhidlərinin ailələri ziyarət edildi
Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev 44 günlük Vətən müharibəsi zamanı döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçulara, erməni hərbi təxribatı nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlara, şəhidlik zirvəsinə ucalan hər bir şəhidin ailəsinə, qazilərimizə diqqət və qayğısını heç zaman əsirgəməmişdir. Dövlət başçısı Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərini şəhid ailələrinin, müharibə veteranlarının, əlillərinin, sosial müdafiəsinin gücləndirilməsi onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Yevlaxda da bu kateqoriyadan ailələr mütəmadi olaraq ziyarət edilir, problemləri və qaldırdıqları məsələlər daim diqqətdə saxlanılır. Şəhid ailələri ilə növbəti görüş zamanı Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısının Aparatının Sosial –iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Allahverdi Quliyev, Şəhər İcra Hakimiyyətinin Başçısının Aparatında İstehsal və xidmət sahələri sektorunun müdiri Cavid Şirinov rayonun Qoyunbinəsi kəndindən olan Vətən Müharibəsi Şəhidləri Abışov Fərid Əlfayim oğlunun, Hüseynli İbrahim İsa oğlunun, Vətən Müharibəsinin Nemətabad kəndindən şəhidləri Adgözəlov Faiq Mehdi oğlunun, Məmmədov Sərxan Elxan oğlunun ailə üzvlərini evlərində ziyarət edərək görüşüblər. Söhbət zamanı şəhidlərin qəhrəmanlıqlarla dolu döyüş yollarına nəzər salınıb, ərazi bütövlüyümüz uğrunda öz canından keçmiş şəhid ailələrinə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərildiyi, onların əziz xatirəsinin qədirbilən xalqımızın qəlbində daim yaşayacağı vurğulanıb. Görüşlərdə ailələri narahat edən məsələlər həlli istiqamətində müvafiq işlərin görülməsi üçün qeydiyyata götürülüb.
Görüşlər zamanı ailələr onlara göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci Vitse Prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıq etdilər.