Vətən müharibəsi şəhidi Ağayev İldırım Qafqaz oğlunun ailəsi ziyarət edildi
19 avqust 2023 | 14:53
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq Yevlaxda şəhid ailələrinin ziyarət edilməsi ənənə halını almışdır. Belə ki, şəhər rəhbəri mütəmadi olaraq şəhid ailələrini ziyarət edir, müraciətlərini dinləyir, qaldırdıqları məsələlərin həlli üçün aidiyyəti qurumlara tapşırıqlar verir.
Növbəti ziyarət zamanı Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev rayonun Rüstəmli kəndində Vətən müharibəsi şəhidi Ağayev İldırım Qafqaz oğlunun ailəsi ilə yaşadığı evdə görüşmüşdür.Ziyarət zamanı şəhidin atası Qafqaz Ağayevlə söhbət edən şəhər rəhbəri Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən İldırım Ağayevə Allahdan rəhmət, ailə üzvlərinə isə səbr diləyib.
Qeyd edib ki, onların övladı ali bir amal - Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda döyüşərkən şəhidlik zirvəsinə ucalıb. Şəhidlərin xatirəsi daim uca tutulur, şəhid ailələri isə dövlətin diqqət və qayğısı ilə əhatə olunublar.
Şəhər İcra Hakimiyyətinin başçısı ailəni narahat edən məsələlərlə maraqlanıb. Onların müraciət və istəklərini dinləyən şəhər rəhbəri müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə tapşırıqlar verib.
Qafqaz Ağayev şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya öz təşəkkürünü ifadə edib.
Qeyd edək ki, şəhid Ağayev İldırım Qafqaz oğlu 02.05.1998-ci il tarixdə Yevlax rayonunun Rüstəmli kəndində anadan olmuş, Vətən müharibəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi iştirak etmiş və Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Yevlax rayon Rüstəmli kənd qəbiristanlığında dəfn edilmişdir.
Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda” , “Döyüşdə fərqlənməyə görə”, “Şuşanın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.