Vətən müharibəsi iştirakçılarına medalları təqdim edilib
25 noyabr 2022 | 14:12
Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək, şücaət göstərmiş yevlaxlı Vətən müharibəsi iştirakçılarına və qazilərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə təsdiq edilmiş “Xocavəndin azad olunmasına görə” , “Suqovuşanın azad olunmasına görə” medallarının və Baş nazir Əli Əsədovun Sərəncamı ilə təsdiq edilmiş “Vətən müharibəsi iştirakçısı” medallarının təqdimat mərasimi keçirilib.
YAP Yevlax rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Xaliq Əliyev , Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəis müavini Musa Nağıyev, qazilər və Vətən müharibəsi veteranları iştirak ediblər.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev bildirdi ki, Prezident, Partiyamızın Sədri cənab İlham Əliyevin ali rəhbərliyi ilə regionda və beynəlxalq müstəvidə Azərbaycanın maraqları naminə düzgün və məqsədyönlü siyasət aparılır. Təbii ki, müdrik YAP siyasətinin prioritet istiqamətlərindən biri məhz ölkəmizin ərazi bütövlüyünün təmin olunması məsələsi idi. Bu məsələni qarşısına ən ümdə vəzifə kimi qoyan möhtərəm Prezident ən müasir hərbi təminatla formalaşdırdığı Azərbaycan Ordusunu peşəkarcasına yönəldərək, tarixi ədalətin bərpa olunduğu misilsiz tarix yazmışdır. Prezident-Xalq-Ordu birliyi vəhdət təşkil edərək bütün dünyaya Azərbaycanın qüdrətli dövlət olduğunu əyani şəkildə sübuta etdi. Bugün siyasətimizin mərkəzində Azərbaycanın maraqları, insan faktoru, vətəndaş cəmiyyətinin bərqərar olunması, xüsusilə həssas kateqoriyadan olan vətəndaşlarımıza qayğı göstərilməsi məsələləri dayanır. Biz bundan sonra da xalqımızın firavan və xoşbəxt gələcəyi naminə hesablanmış müdrik YAP siyasəti ətrafında sıx birləşməli və həmrəylik nümayiş etdirməliyik.
Çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Xaliq Əliyev Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin düzgün və məsqədyönlü siyasəti, müdrik rəhbərliyi, qətiyyətli iradəsi ilə Azərbaycan Ordusunun 44 gün ərzində erməni silahlı birləşmələrini darmadağın etməsi və nəticədə qazandığımız Şanlı Zəfər xalqımıza əbədi qürur hissi yaşatdı. Bildirilib ki, öz qanları, canları bahasına tarixə şanlı Zəfər gününü yazan Vətən oğulları xalqımızın qəlbində silinməz izlər buraxmışdır.
Sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəis müavini Musa Nağıyev və Vətən müharibəsi iştirakçıları Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi güclü Ordu quruculuğu siyasəti nəticəsində Azərbaycanın müasir silah-sursat və hərbi texnikalarla təmin olunmuş yenilməz Ordusunun iftixar hissi ilə qeyd olunan hünərindən, həbçilərimizin əsl qəhrəmanlıq dastanı yazaraq, keçdiyi şərəfli döyüş yolundan söhbət açıb, daim Ali Baş Komandanın Əmrinə hazır olduqlarını bildiriblər.
Vətən müharibəsi iştirakçılarına “Xocavəndin azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları təqdim olunub. Onlarla səmimi söhbət əsnasında keçdikləri şərəfli və tarixi döyüş yollarından geniş bəhs edilib.
Vətən müharibəsi iştirakçıları və qazilər onlara göstərilən diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.