Şriftin ölçüsü :

Saytın rəngi :

Ümumtəhsil məktəblərində ailə dəyərlərinin, sağlam həyat tərzinin təbliği, erkən nikahın və qohumlar arasında nikahın mənfi təsirləri barədə maarifləndirici tədbirlər keçirilmişdir

05 dekabr 2025 | 10:46
Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərində gənclər arasında ailə dəyərlərinin təbliği, ailə ənənələrinin möhkəmləndirilməsi, inkişafı, erkən nikah və qohumlar arasında nikahın mənfi fəsadlarının izah edilməsi, gənclərin ailə qurmağa hazırlıq səviyyəsinin artırılması və onlarda ailə məsuliyyətinin formalaşdırılması mövzularında maarifləndirici tədbirlər keçirilmişdir. Tədbirlərdə Şəhər İcra Hakimiyyətində fəaliyyət göstərən Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın sədri Elnarə Əzizova, Komissiyanın üzvləri, təhsil işçiləri, məktəblərin kollektivi və şagirdləri iştirak etmişlər.
Çıxışlarda dövlət tərəfindən gənclərin sağlam mühitdə formalaşması, dünyagörüşlərinin zənginləşdirilməsi, o cümlədən ailələrin sosial müdafiəsi ilə bağlı həyata keçirilən tədbirlər, erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri, sosial və psixoloji fəsadları barədə fikirlər səsləndirilmişdir. Qeyd edilmişdir ki, qanunvericiliyə görə, erkən nikah 18 yaşından kiçik oğlanların və qızların məcburi ailə qurması və birgə yaşamasıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası qanununa, həmçinin 1989-cu il tarixli “Uşaq hüquqları haqqında” Konvensiyaya görə tam fəaliyyət qabiliyyəti olmayan şəxslər uşaq hesab edilir. Belə olan halda uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur. Erkən nikah həyat və sağlamlıq üçün müxtəlif əngəllər törətməklə yanaşı, həmçinin risklər də yaradır. Belə hallar boşanmalara, sağlamlıq imkanı məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Bu sahədə həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, müasir dünyamızda qloballaşmanın geniş vüsət aldığı bir zamanda milli-mənəvi dəyərlərin qorunub saxlanmasına yönəldilir.
Tədbirlər çərçivəsində erkən nikahla bağlı hüquqi və tibbi risklər real statistika və faktlarla izah edilmiş, mövzu ilə bağlı maarifləndirici videoçarx nümayiş etdirilmiş, iştirakçıların sualları cavablandırılmış, gənclərin sosial məsuliyyətinin artırılması, ailə institutunun möhkəmləndirilməsi, sağlam həyat tərzinin təbliği istiqamətində həyata keçirilən bu cür maarifləndirici görüşlərin davam etdirilməsinin vacibliyi vurğulanmışdır. Həmçinin müasir cəmiyyətin inkişafında sağlam ailə modeli yalnız sosial rifaha deyil, həm də milli-mənəvi indentikliyin qorunmasına mühüm töhfə verdiyi qeyd olunmuşdur.
Keçidlər