Ulu Öndər Heydər Əliyevin 100 illiyi çərçivəsində “Heydər Əliyev və Azərbaycanda İnsan hüquqları islahatları” mövzusunda dəyirmi masa keçirilib
06 dekabr 2023 | 13:42
Ulu Öndər Heydər Əliyevin 100 illiyi çərçivəsində “Heydər Əliyev və Azərbaycanda İnsan hüquqları islahatları” mövzusunda dəyirmi masa keçirilib
Yevlaxda Ulu Öndər Heydər Əliyevin 100 illiyi çərçivəsində 10 Dekabr Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda İnsan hüquqları islahatları” mövzusunda dəyirmi masa keçirilib.Yevlax Şəhər İcra Hakimiyyətinin və Ombudsmanın Gəncə Regional Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən dəyimri masada Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, Regional Mərkəzin rəhbəri Səbuhi Abbasov, Yevlax Şəhər Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova və rayon gəncləri iştirak ediblər.
YAP Yevlax rayon təşkilatının inzibati binasında keçirilən dəyirmi masada Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova Ümummilli Lider Heydər Əliyevin Yevlax rayonuna səfərləri, vaxtı ilə rayonun inkişafı, yeni xidmət müəssisələrinin yaradılması sahəsində Heydər Əliyevin təşəbbüsü ilə görülmüş işləri diqqətə çatdıraraq , Yexlax rayon ictimaiyyətinin Ulu Öndərin əziz xatirəsini daim yüksək hörmət və ehtiramla yad etdiyini bildirdi. “Azərbaycan dünyaya günəş kimi doğacaq” sözlərini söyləyən bu fenomen şəxsiyyətin ən böyük amalı müstəqil dövlətimizin davamlı inkişafına nail olmaq idi. Ümummilli liderin respublikamızın hər bir sahəsinin, iqtisadiyyat, elm, təhsil və mədəniyyətinin inkişafına, əhalinin bütün qruplarının hüquqlarının müdafiəsi və təmininə böyük diqqət göstərdiyi qeyd olunmuşdur.
Müstəqillik, demokratiya yolu ilə irəliləyən xalqımız insan və vətəndaş hüquqlarının müdafiəsi, yeni institutların yaradılması sahəsində Heydər Əliyevin bünövrəsini qoyduğu qətiyyətli siyasətdən bəhrələnmiş, insan hüquqlarının müdafiəsində mühüm vasitə olan, Ulu öndərin banisi olduğu, müstəqil fəaliyyət göstərən Ombudsman təsisatı bunların bariz nümunəsidir.
Elnarə Əzizova bildirmişdir ki, Ulu öndərin siyasətini ölkə Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirməsi nəticəsində ölkəmizdə sabitlik möhkəmlənmiş, 30 ilə yaxın işğalda olan torpaqlarımız azad edilmiş, ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda, insan hüquqları ilə bağlı aparılan islahatlar Azərbaycanı bir çox göstəricilər üzrə sürətlə inkişaf edən lider ölkəyə çevirmişdir. Azərbaycanın iqtisadi rəqabət qabiliyyətinə görə ildən-ilə dünyada öndər ölkə kimi yerinin yüksəlməsi, MDB məkanında isə birinci yerdə qərarlaşması xüsusilə vurğulanmış, müstəqilliyi dövründə Azərbaycanda insan hüquqlarının hər zaman dayanıqlı inkişaf baxımından prioritet olduğu diqqətə çatdırılmışdır.
Daha sonra çıxış edən Ombudsmanın Gəncə Regional Mərkəzinin direktoru Səbuhi Abbasov, Yevlax Şəhər Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova qeyd etdilər ki, 1991–ci ilin oktyabrından 1993–cü ilin iyununadək ölkədə cərəyan edən mürəkkəb və ziddiyyətli proseslər, vətəndaş qarşıdurması meyillərinin güclənməsi, hüquqi nihilizmin, xaos və anarxiya mühitinin dərinləşməsi göstərdi ki, ölkəni yaranmış acınacaqlı vəziyyətdən yalnız Heydər Əliyev kimi müdrik və uzaqgörən şəxsiyyət xilas edə bilər. Ümummilli Lider 1993–cü ildə xalqın təkidli çağırışına cavab verərək hakimiyyətə qayıtdı, peşəkar siyasətçiyə xas müdrik addımları ilə Azərbaycanı vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas etdi, respublikamızın ərazi bütövlüyünə, suverenliyinə, dövlətçiliyinə qarşı çıxan qanunsuz silahlı qüvvələr zərərsizləşdirildi, dövlət çevrilişi cəhdlərinin qarşısı qətiyyətlə alındı, ölkədə qanunçuluğun tam bərpası istiqamətində bütün addımlar atıldı.Sonrakı mərhələdə demokratik və hüquqi dövlət quruculuğu prosesinin uğurlu həyata keçirilməsi, yeni iqtisadi münasibətlər sisteminin formalaşdırılması, ən əsası, ictimai–siyasi sabitliyin qorunub saxlanılması Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. 1995–ci ildə bilavasitə Ulu Öndər Heydər Əliyevin müəllifliyi və demokratik dəyərlər və prinsiplərə uyğun hazırlanmış və ümumxalq səsverməsi ilə qəbul edilmiş ilk Konstitusiyamızın müddəalarının dörddə biri insan və vətəndaş hüquq və azadlıqlarına həsr edilmiş, hakimiyyət bölgüsü, hüquqi dövlət prinsipi təsbit olunmuşdur.