Şəhid Mayor Toğrul Bərxudarov doğum günündə məzarı başında anılıb
30 iyun 2023 | 13:58
Şəhid Mayor Toğrul Bərxudarov doğum günündə məzarı başında anılıb
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən Vətən müharibəsi zamanı Vətənimizin azadlığı,ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan şəhidlərimizin doğum və anım günlərində onların ailələrinin, məzarlarının ziyarət olunması ənənə halını alıb. Ənənənin davamı olaraq 30 iyun 2023-cü il tarixində Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalmış, Mayor Bərxudarov Toğrul Məmməd oğlunun ad günü şəhidin məzarı önündə Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul şəxsləri və şəhidin ailə üzvləri birlikdə qeyd olundu.
Yevlax Şəhər Şəhidlər Xiyabanında Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad olunub. Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul əməkdaşı Vasif İsayev şəhidin ailəsinə baş sağlığı verərək, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açmış və rəşadətli ordumuz, qəhrəman oğullarımız qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən işğalçılardan azad etdiyini qeyd etmişdir. Qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edildiyini, rayonda da şəhid ailələri və qazilərə diqqət və qayğı göstərilməsinin yüksək təşkil olunması qeyd olundu.
Şəhidin ailə üzvləri Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Başçısı, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirdilər.
Şəhid Mayor Toğrul Bərxudarov 30.06.1987-ci ildə Yevlax şəhərində anadan olub. Cəmşid Naxçıvanski adına hərbi liseyi və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin “Zabit İxtisas Kursu”nu müvəffəqiyyətlə başa vurub. Motoatıcı bölüyün atəş dəstəyi taqımının komandiri vəzifəsindən motoatıcı taborun qərargah rəisi – tabor komandirinin müavini vəzifəsinə, “mayor” hərbi rütbəsinədək yüksəlib. Vətən müharibəsinin ilk günündən taborun şəxsi heyəti ilə birlikdə Tərtər və Ağdərə uğrunda döyüşlərdə iştirak edib. Şəxsi igidlik və şücaət nümunələri göstərib. İgid zabitimiz 2020-ci il sentyabrın 28-də Talış və Suqovuşan kəndləri istiqamətlərində hərbi əməliyyatlar zamanı döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.Yevlax şəhər Şəhidlər Xiyabanında dəfn edilib.
Toğrul sağlığında sağlığında “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)”, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” medalları ilə təltif olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə əsasən ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" , "Hərbi xidmətlərə görə" medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunmuşdur.