Şəhər İcra Hakimiyyətinin Başçısı Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Soltan Məmmədovun ailə üzvləri ilə görüşmüşdür
02 sentyabr 2024 | 13:03
Şəhər İcra Hakimiyyətinin Başçısı Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Soltan Məmmədovun ailə üzvləri ilə görüşmüşdür
44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş, polkovnik-leytenant Soltan Məmmədovun qızı Məmmədova Ləman Soltan qızı Dövlət İmtahan Mərkəzi tərəfindən 2024/2025-ci tədris ili üçün abituriyentlərin ali təhsil müəssisələrinə qəbul imtahanın nəticəsinə görə Xəzər Universitetinə qəbul olmuşdur.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev bu münasibətlə şəhidin ailə üzvləri ilə görüş keçirmişdir. Görüşdə Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, Aparatın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Vasif İsayev, şəhidin həyat yoldaşı Tünzalə Məmmədova, Şəhidin bacısı Tərifə Məmmədova və qızı Ləman Məmmədova iştirak etmişdir.
İcra Hakimiyyətinin Başçısı əvvəlcə Şəhidin həyat yoldaşı Tünzalə Məmmədovanı övladının ali məktəbə qəbul olması münasibətilə ürəkdən təbrik edib. Bildirib ki, Şanlı Zəfər Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev yüksək sərkərdəlik qabiliyyəti və ordumuzun igid qəhrəmanları sayəsində qazanılıb. Qeyd edib ki, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu, bizim üçün and yeri olan şəhidlərimiz, müharibədə sağlamlığını itirmiş qazilərimiz, canıyla-qanıyla vuruşan müharibə veteranlarımız Azərbaycanın ərazi bütövlüyünü təmin etməklə yanaşı, həm də dünyaya ədalət gətirən xalq olduğumuzu bir daha sübut etdilər.
Şəhər İcra Hakimiyyətinin Başçısı Ləman Məmmədovanı da tələbə adını qazanması münasibətilə təbrik edib, gələcək həyatında uğurlar arzulayıb və qeyd edib ki, tələbə adı dəyərli, məsuliyyətli və qürurvericidir, o ad 11 illik əməyin, zəhmətin və iradənin bəhrəsidir. Eyni zamanda bildirmişdir ki, şəhid ailələri, onların övladları dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunur. Çünki şəhid övladları Vətənə əmanətdir.
Şəhidin həyat yoldaşı Tünzalə Məmmədova səmimi dəvətə görə təşəkkürünü bildirərək qeyd etmişdir ki, həyat yoldaşının arzusu övladlarının ali təhsil alması idi. Buna görə mən də Onun ruhunun şad olması, arzularının reallaşması üçün çalışacam.
Sonra şəhid övladına xatirə hədiyyəsi təqdim edilmişdir.
Polkovnik-leytenant Məmmədov Soltan Akif oğlu Məmmədov 21 iyul 1981-ci ildə Yevlax rayonunun Səmədabad kəndində anadan olmuşdur. 1997-1999-cu illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 1999-2003-cü illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.
2003-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. 2003-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissəsində əvvəlcə Tağım Komandiri, sonra isə MTT üzrə Tabor Komandirinin müavini vəzifələrində xidmət edib.
2013-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində Qərargah rəisi vəzifəsində xidmət edən Soltan Məmmədov, qüsursuz xidmətinə görə mayor rütbəsi alıb.
2019-cu ildən isə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissəsində Tabor Komandiri vəzifəsində xidmət edib.
Soltan Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı oktyabrın 10-da Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş, Yevlax şəhər Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə, “Azərbaycan bayrağı” ordeni ilə təltif olunmuşdur.
Şəhidin həyat yoldaşı Tünzalə Məmmədova və qızı Ləman Məmmədova dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqətə, qayğıya görə Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.