Rayon gənclərinin Yevlax Şəhər Heydər Əliyev Mərkəzinə və Tarix Diyarşünaslıq Muzeyinə ekskursiyası təşkil edilib
26 iyul 2025 | 15:15
Rayon gənclərinin Yevlax Şəhər Heydər Əliyev Mərkəzinə və Tarix Diyarşünaslıq Muzeyinə ekskursiyası təşkil edilib
Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti dəfə rayon gənclərinin Yevlax Şəhər Heydər Əliyev Mərkəzinə və Tarix Diyarşünaslıq muzeyinə ekskursiyası təşkil olunub. Artıq ənənə halını almış belə ekskursiyalar gənclərin mənəvi inkişafında müsbət rol oynayır.
Ekskursiyalarda Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, rayonun idarə, müəssisələrində çalışan gənclər, rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri iştirak ediblər.
Yevlax Şəhər Heydər Əliyev Mərkəzinə edilən ekskursiya zamanı rayon gəncləri Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən eksponat, fotostend və kitablarla, tanış olublar. Ekskursiya zamanı məktəblilərə dünya şöhrətli siyasətçi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin mənalı həyatı və çoxşaxəli siyasi fəaliyyəti barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, mərkəzdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən fotolar, arxiv sənədlərinin surətləri, eləcə də müxtəlif eksponatlar nümayiş etdirilir. Diqqətə çatdırılıb ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin həyat yolu hər bir azərbaycanlı üçün əsl örnəkdir.
Daha sonra rayon gəncləri Tarix Diyarşünaslıq muzeyinə ekskursiya edərək muzeydə olan Azərbaycan tarixinin ayrı-ayrı dövrləri haqqında zəngin eksponatlarla tanış olmuş,onlara rayon ərazisində aparılan arxeoloji tapıntılar zamanı əldə olunmuş, tariximizi əks etdirən maddi-mədəniyyət nümunələri haqqında ətraflı məlumat verilmişdir.
Gənclər ekskursiyalardan xoş təəssüratlarla ayrılıblar.






