Qurumuş ağaclar götürülür, yerində yeni yerli şəraitə uyğun ağaclar əkiləcək
23 mart 2024 | 10:58
Qurumuş ağaclar götürülür, yerində yeni yerli şəraitə uyğun ağaclar əkiləcək
Bakı-Ələt-Qazax avtomobil yolunun Yevlax rayonundan keçən hissəsinin (284-cü kilometrliyində) sağ və sol tərəflərində əvvəllər əkilmiş Eldar şamı cinsindən olan ağaclar ziyanvericilərin törətdiyi xəstəliklər səbəbindən quruyur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidmətinin məlumatına görə sözügedən ərazidə ağacların kütləvi şəkildə qurumasının müşahidə edilməsi ilə bağlı mütəxəssislər tərəfindən yerində araşdırma aparılıb. Aparılan müayinələr nəticəsində məlum olub ki, ərazidə kütləvi şəkildə ziyanvericilər yayılıb və bu səbəbdən böyük bir sahədə Eldar şamı ağaclarına xəstəlik düşərək quruyub. Ağaclar qeydiyyata alınıb, ətrafdakı digər sağlam ağacların yoluxmasının qarşısının alınması məqsədilə qurumuş ağacların qanunamüvafiq qaydada kəsilərək ərazidən götürülməsinə qərar verilib. Sonrakı mərhələdə ərazi xəstəlik və ziyanvericilərdən təmizlənəcək, sahə yeni meşə əkininə hazırlanaraq yerli şəraitə uyğun ağaclar əkiləcək.