Novruz bayramı münasibətilə “N” saylı hərbi hissədə hərbçilərlə görüş keçirilmişdir
17 mart 2025 | 16:53
Novruz bayramı münasibətilə “N” saylı hərbi hissədə hərbçilərlə görüş keçirilmişdir
Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun və Yevlax Şəhər İcra Hakimiyyətinin birgə təşkil etdiyi tədbir çərçivəsində Novruz bayramı münasibətilə Yevlax rayonu ərazisində dislokasiya olunmuş “N” saylı hərbi hissədə əsgər və zabitlərlə görüş keçirilmişdir.
Görüşdə Azərbaycan Respublikasının Hərbi prokurorluğunun, Yevlax Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, şəhid ailələrinin üzvləri, qazilər, veteranlar və hərbi hissənin şəxsi heyəti iştirak etmişlər.
Görüşdə çıxış edənlər hərbçilərə səmimi təbriklərini çatdıraraq, onlara çətin və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulamışlar. Çıxışlarda Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında hərbçilərimiz 30 illik Vətən həsrətini cəmi 44 gündə sona çatdırdıqları,bu yolda canlarını fəda edən Şəhidlərimizin, sağlamlığını qurban verən qazilərimizin olduğunu bildirilmiş,qeyd edilmişdir ki, Vətən müharibəsində qazanılan Qələbə tariximizin ən parlaq səhifəsidir. Vətən müharibəsi Azərbaycan xalqının kimliyini, dövlətimizin gücünü, nüfuzunu dünyaya bəyan etdi. Bu Qələbə xalqımızın gələcəyi üçün elə bir təməl yaratdı ki, onun üzərində Azərbaycan dövləti daim inkişaf edəcək, dünya dövlətləri sırasında daim ən öndə gedəcəkdir. Rayon rəhbəri vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti bugün Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ali rəhbərliyi altında özünün ən dinamik inkişaf dövrünü yaşayır. İndi Azərbaycan Cənubi Qafqazın ən güclü dövləti olduğu kimi, rəşadətli Ordusu da regionun ən qüdrətli ordusudur.
Hərbi hissənin komandanlığı bayram ərəfəsində əsgərlərlə birlikdə keçirilən görüşü yüksək qiymətləndirmiş, belə görüşlərin əsgərlər üçün mənəvi dəstək olduğunu, onlarda ruh yüksəkliyi yaratdığını qeyd etmişdir. Bildirilmişdir ki, əsgər və zabitlər Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin əmr və tapşırıqlarını yerinə yetirməyə hər an hazırdırlar.
Çıxış edən hərbçilər göstərilən xüsusi diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən əsgərlərə bayram sovqatları və hədiyyələr verilmiş, Yevlax şəhər Mədəniyyət Mərkəzinin əməkdaşları tərəfindən hərbçilərimiz üçün konsert proqramı təşkil olunmuşdur. Yevlax rayon məktəblilərinin məktubları əsgərlərimizə təqdim edilmişdir.