Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul Əkşəm kəndində keçirildi

27 oktyabr 2022 | 13:09
Növbəti səyyar qəbul Əkşəm kəndində keçirildi
Şəhər İcra Hakimiyyəti Başcısının bu dəfəki ənənəvi səyyar qəbulu rayonun Əkşəm kəndində baş tutdu. Əkşəm kənd tam orta məktəbinin həyətində keçirilən səyyar qəbula gəlmiş kənd sakinləri Şəhər İcra Hakimiyyətinin Başcısı Anar Tağıyevi və digər rəsmiləri minnətdarlıqla qarşıladılar.
Şəhər rəhbəri qəbul iştirakçılarını salamlayaraq qeyd etdi ki, insanların maddi-rifah halının, sosial-məişət durumlarının günbəgün yaxşılaşdırılması Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin fəaliyyətinin əsas prinsiplərindən biridir. Dövlət Başcısının insanlara göstərdiyi diqqət və qayğının hər yerdə reallaşdırılması üçün biz də qüvvə və bacarığımızı əsirgəmirik. Şəhər İcra Hakimiyyətinin Başçısı Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında 44 günlük Vətən Müharibəsində qazanılan Şanlı Qələbədən, işğaldan azad edilmiş ərazilərdə aparılan abadlıq quruculuq işlərindən danışdı. Qeyd etdi ki, Ölkəmiz dinamik və qlobal inkişaf yolundadır. Dünyanın taleyini həll edən elə tədbir yoxdur ki, ora Ölkəmiz dəvət edilməsin, orada Azərbaycan bayrağı dalğalanmasın. Bunlar hamısı Cənab Prezidentin uğurlu, məqsədyönlü siyasətinin nəticəsidir.
Şəhərlərlə yanaşı kənd və qəsəbələrimiz də tikilir-qurulur, müasirləşir, sosial siması tamamilə dəyişir. Kəndlərimizdə demək olar ki, davamlı elektrik və rabitə xidməti öz həllini tapıb. Dövlət başçısının diqqət və qayğısı sayəsində şəhərimizdə küçələr, eləcə də kənd və kəndarası yolların abadlaşdırılmasına da xüsusi önəm verilir.
Şəhər rəhbəri olaraq Cənab Prezidentimizin tapşırığı ilə yerlərdə tez tez görüşlər keçirir, problemləriniz və qayğılarınızla maraqlanır, rastlaşdığınız bir sıra çatışmazlıqların aradan qaldırılması istiqamətində addımlar atırıq.
Kənd sakinləri kənd yolunun abadlaşdırılmasının, suvarma arxlarının təmizlənməsinin, bəzi yerlərdə elektrik dirəklərinin yenisi ilə əvəz olunmasının zəruriliyini vurğuladılar. Sakinlər tərəfindən səsləndirilən məsələlərə aidiyyəti qurumlar aydınlıq gətirdilər. Şəhər rəhbərinin göstərişi ilə həmin məsələlərin qısa zaman ərzində öz həllini tapması üçün müvafiq tapşırıqlar verildi.
Görüşün sonunda kənd sakinləri Azərbaycandakı inkişaf, sabitlik, insanların sosial rifah halının yüksəlməsi üçün həyata keçirilən uğurlu işlərə görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə, Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Keçidlər