Mərkəzi Gömrük Hospitalı Yevlax şəhərində şəhid və qazi ailələrinin üzvləri üçün tibbi sosial aksiya keçirib
14 iyun 2023 | 10:52
Mərkəzi Gömrük Hospitalı Yevlax şəhərində şəhid və qazi ailələrinin üzvləri üçün tibbi sosial aksiya keçirib
13 iyun 2023-cü il tarixində Azərbaycan Repsublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının təşkilatçılığı, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin və Yevlax şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Yevlax şəhər Mərkəzi Xəstəxanasının tabeliyində olan Ailə Sağlamlıq Mərkəzində qazi və şəhid ailələrinin üzvləri üçün sosial tibbi aksiya keçirilib. Tədbirin rəsmi açılış hissəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Milli Məclisin deputatı İlham Məmmədov, Yevlax şəhəri İcra Hakimiyyətinin başçısının müavini Elnarə Əzizova və Yevlax şəhər Mərkəzi Xəstəxanasının direktoru Fazil İsmayılov və digər rəsmi nümayəndələr iştirak ediblər.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini t.ü.f.d., dosent İsmayıl Əfəndiyev öz adından, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədovun adından tədbir iştirakçılarını salamlayaraq, keçirilən tibbi sosial aksiyanın məqsədinin qazi və şəhid ailələrinin üzvlərinə tibbi xidmət göstərilməsi olduğunu açıqlayıb. O, qeyd edib ki, bu aksiyada Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı mütəxəssisləri iştirak edir, ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş mobil hospital və geniş çeşiddə dərmanlar şəhid və qazi ailələrinin üzvlərinin müayinəsində istifadə ediləcək. Bu məqsədlə Mərkəzi Gömrük Hospitalının USM, EKQ, EXO müayinələri, o cümlədən kardioloq, oftalmoloq, lor, travmatoloq cərrah, terapevt, uroloq, pediatr, nevroloq, mama ginekoloq, endokrinoloq, dermatoveneroloqdan ibarət 25 nəfər tibb heyəti Yevlax şəhərinə ezam olunub.
Milli Məclisin deputatı İlham Məmmədov bu aksiyanın Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş silsilə tədbirlər sırasında Azərbaycan xalqının Ulu öndərimizin ruhuna, şəxsiyyətinə, varlığına hörmət və ehtiramının təzahürü olduğunu bildirib. O, qeyd edib ki, bu gün keçirilən aksiyanın ən uca zirvəsi insan sağlamlığının qorunması üçün ölkəmizin ən nüfuzlu tibb müəssisəsinin yüksəkixtisaslı mütəxəssislərinin Yevlaxda olması və bu missiyanı – şəhid ailələri, qazilər, onların ailələrinin üzvlərinin tibbi müayinəsinin həyata keçirilməsi, qazilərimizin sağlamlıqlarına qovuşması üçün daha bir cəhdin edilməsi çox xeyirxah bir missiyadır. İlham Məmmədov bu sosial tibbi aksiyanın keçirilməsinə göstərdikləri dəstəyə görə başda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov olmaqla, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar həkim, tibb xidməti general-mayoru Ceyhun Məmmədova, Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyevə və Mərkəzi Gömrük Hospitalının tibb heyətinə minnətdarlığını bildirib.